Cümə axşamı 15 Aprel 2021

Mədəniyyət

Gəncə teatrının təqdimatında 'Xəmsə' kompozisiyası Türkiyədə keçirilən onlayn tamaşalar Festivalında nümayiş olunacaq

Sənubər Qocayeva - 07/04/2021

Gəncə Dövlət Dram Teatrının səhnələşdirdiyi Nizami Gəncəvinin “Xəmsə” ədəbi-bədii kompazisiyası qardaş Türkiyə Cümhuriyyətində keçirilən “Onlayn Tamaşalar Festivalı”nın proqramına salınıb.

Bu barədə məlumatı Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev bildirib.

Onun sözlərinə görə, Türkiyə Cümhuriyyətinin Maltəpə və Sarıyer Bələdiyyə teatrlarının bədii rəhbərləri Kubilay Erdelikara və Gökhan Buludun təşkilatçılığı ilə 27 mart - 25 aprel tarixlərində “Uluslarası Kısa Performanslar Festivalı” keçirilir. Festivalda 12 ölkə və 15 şəhər teatrlarının tamaşaları nümayiş etdiriləcək. Tamaşalar onlayn rejimdə hər həftənin bazar günləri festivalın YouTube və Facebook hesabları üzərindən yayımlanacaq.

Teatrşünas-tənqidçi Anar Burcəliyev həmçinin bildirib ki, festivalda Azərbaycan teatrını iki dövlət teatrı təmsil edir. Belə ki, sözü gedən festivala Azərbaycan Dövlət Pantomim Teatrı “Nagaraçilar”, Gəncə Dövlət Dram Teatrı isə “Xəmsə” ədəbi-bədii kompazisiyası ilə qatılacaqlar.

Xatırladaq ki, Gəncə Dövlət Dram Teatrının səhnələşdirdiyi Nizami Gəncəvinin “Xəmsə” ədəbi-bədii kompazisiyası 11 aprel 2021-ci il Bakı vaxtı ilə saat 17:00-da yayımlanacaq – deyə Anar Burcəliyev bildirib.