Cümə axşamı 15 Aprel 2021

Siyasət

Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi

GanjaNews - 06/04/2021

2020-ci il Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Belə ki, şanlı aprel döyüşlərindən sonra dərs almayan Ermənistan 2020-ci ilin iyul və avqust aylarında yenidən hərbi təxribatlara əl atdı, sentyabrın 27-də isə artıq Azərbaycan xalqının səbir kasası daşdı. Xalq öz Prezidentinin ətrafında dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr vurmağa başladı. Prezident-Xalq-Ordu birləşməsi 30 illik işğala 44 günlük Vətən müharibəsnin başlanması ilə son qoydu.

Bu bizim tarixi Qələbəmiz oldu. Müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Bizim tarixi şəhərimiz Şuşa isə noyabrın 8-də işğalçılardan azad edildi. Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Beləliklə, biz haqq savaşında qalib gələrək cəmi 44 gün müddətində işğalda olan torpaqlarımızı azad etdik.

Qeyd etmək lazımdır ki, Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində də qalib gəldi. Bu isə Prezident İlham Əliyevin diplomatiyasının ən böyük uğurudur. Biz bir daha şahidi olduq ki, tarix heç vaxt öz funksiyasını dəyişmir, dostlar düşmənə, düşmənlər dosta çevrilmir. Bu qələbə bir xalq kimi bizim gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bunu düşmən də, onun havadarları da gördü. Gördülər ki, ötən 30 ildə Azərbaycan öz haqlı davasından bir addım da geri çəkilməyib və Azərbaycan Prezidenti döyüş meydanında tarixi ədaləti bərpa etməkdə qərarlıdır. Cənab Prezident dəfələrlə qeyd edib ki, Azərbaycan məsuliyyətli ölkədir və digər dövlətlərin ərazisində müharibə aparmaq niyyəti yoxdur. Lakin dəfələrlə Ermənistan hərbi birləşmələri bizim sərhədimizi keçməyə cəhd göstərdi, bir neçə hərbçimiz həlak oldu. Biz onlara layiqli cavab verdik. Ancaq biz Ermənistan-Azərbaycan dövlət sərhədini keçmədik. Çünki bizim Ermənistan ərazisində müharibə aparmaq niyyətimiz yox idi.

Bu münaqişənin həlli həmçinin, regionun inkişafına da təkan verəcək. Bu gün Zəngəzur dəhlizi üzərində aparılan iş böyük əhəmiyyətə malikdir. Qədim Azərbaycan torpağı olan Zəngəzur Türk dünyasını birləşdirən bir bağ olacaqdır.