Cümə axşamı 15 Aprel 2021

QARABAĞ AZƏRBAYCANDIR!

Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

Gülnar Fazilqızı - 26/03/2021

Uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan bu ərazilərdə ağlasığmaz vandallıqlar törədib. Azad edilmiş torpaqlar erməni vəhşiliyinin ən yaxın şahidləridirlər.

30 ilə yaxın müddətdə işğal altında qalan ərazilərdə bütün bina və məscidlərimiz, tarixi abidələrimiz, su-elektrik stansiyalarımız dağıdılıb. Məscidlərdə heyvan saxlayaraq, müqəddəs abidələrimizi təhqir ediblər. Qarabağ xanlığının banisi Pənahəli xanın Şuşa şəhərinin tarixi mərkəzindəki sarayı Erməni vəhşiliyinin qurbanı olub. Erməni vandalları işğal zamanı Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini də dağıdıblar. Şəhərdə erməni vəhşiliyi ilə üz-üzə qalan tikililərdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır. Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan Şuşa Xalça Muzeyi də işğal zamanı ciddi ziyan görüb.

Prezident İlham Əliyev:Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidəsini bax, bu günə qoyasan. Vəhşilik”.

Ermənilər uzun illər Şuşanı erməni şəhəri kimi də qələmə vermək istəyiblər. Halbuki, Şuşanın təməlini qoyan Pənahəli xan olub və həmişə burada azərbaycanlılar yaşayıblar.

Artıq Azərbaycan xalqı öz əzəli və əbədi torpaqlarına qayıdıb və bundan sonra bu ərazilərdə abadlıq-quruculuq  və bərpa işləri geniş vüsət alacaq. Şuşanın enerji təminatı ilə bağlı olan layihələrin bir hissəsi artıq icra olunmaqdadır. Belə ki, yeni inşa olunmuş Şuşa yarımstansiyası fəaliyyət göstərir və şəhəri dayanıqlı enerji ilə təchiz edir.

Molla Pənah Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq və məqbərənin əvvəlki görkəmi özünə qaytarılacaq. Artıq bu istiqamətdə işlərə start verilib. Həm bu, həm də M.P.Vaqifin büstünün bərpası layihəsi Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək.

Aparılacaq yenidənqurma işlərindən sonra Şuşa qonaqlarını müasir səviyyədə qarşılaya biləcək. Şuşa regionun ən gözəl istirahət bölgəsinə çevriləcəkdir. Prezident İlham Əliyevin dediyi kimi, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və biz buna nail olacağıq!