Cümə axşamı 15 Aprel 2021

İqtisadiyyat

Qarabağın çoxşaxəli iqtisadi potensialı mövcuddur

Gülnar Fazilqızı - 05/03/2021

Azərbaycanın işğal altında olan torpaqlarının düşmən tapdağından azad edilməsi həmin ərazilərdə iqtisadiyyatın bərpası üçün təcili addımların atılmasını zəruri edir. Hazırda Azərbaycan qarşısında dayanan əsas vəzifə azad edilən torpaqların bərpası, keçmiş köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsidir. Bu istiqmətdə işlərə artıq başlanılıb və prosses şəraitdən, strateji planlardan asılı olaraq mərhələli şəkildə davam edəcək.

Prezident İlham Əliyev:Biz ərazinin minalardan təmizlənməsi ilə bağlı məsələlərin həllinə operativ surətdə başlamışıq. Ona görə ki, ilk növbədə, orada ərazini təmizləmək lazım idi. Bu proses başa çatmağa yaxındır.  Füzlidə inşa edilən aeroport, hər halda onun uçuş-enmə zolaqları və aeroportun fəaliyyətini təmin edəcək naviqasiya sistemləri operativ müddətlərdə istifadəyə veriləcək. Aeroport beynəlxalq hava limanı olacaq. Uçuş-enmə zolaqları ən ağır təyyarələr və yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək. Bizim aeroportlar tikmək planlarımız təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Biz ərazinin abadlaşdırılması proqramlarını, Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportlar tikməyi planlaşdırırıq.

Qeyd etmək yerinə düşər ki, çoxşaxəli iqtisadi potensialı mövcud olan Qarabağ “yaşıl enerji” zonası elan edilib. Kəlbəcər-Laçın zonasında külək, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyalarının yaradılması üçün münbit şərait var. Bu amillər nəzərə alınaraq, Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib. Artıq bu ərazilərdə pilot layihələrin icrasına başlanılıb ki, bunlardan biri də “ağıllı kənd” layihəsidir. Sözügedən layihə Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Cari ilin sonuna qədər layihə tam başa çatması və orada təqribən 1000-ə yaxın insan yerləşdirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev: “Biz 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaratmaq istəyirik. Onlar buna layiqdirlər. Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər. Bu əraziləri bərpa etmək üçün bizim siyasi iradəmiz də, maliyyə resurslarımız da var və biz bunu edəcəyik”.

İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyəti üçün də zəngin imkanlar mövcuddur. Bu istiqamətdə də müvafiq işlərin görülməsinə artıq başlanıb və 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib. İlkin addımmlar atılıb və həyata keçiriləcək tədbirlər davam etdiriləcək. Ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınacaq. Həmin torpaqlarda heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük və taxılçılıq sahələrinin inkişafı diqqətdə saxlanılacaq.