Cümə axşamı 15 Aprel 2021

Siyasət

Azərbaycan xalqı özünün haqq savaşından üzü ağ çıxdı

Gülnar Fazilqızı - 01/03/2021

Ermənistan rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları bizi və beynəlxalq ictimaiyyəti əmin etmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün deyil. Minsk qrupuna həmsədrlik edən ölkələrin yüksək vəzifəli rəsmi nümayəndələri bunun əksini idda etsələr də münaqişənin həlli üçün əməli addımlar atılmırdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə hər zaman deyirdi: “Heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın”.

İmkan verilmədi də! Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarını 44 gün ərzində azad etdi. Azərbaycan özünün haqq savaşından üzü ağ çıxdı.

Prezident İlham Əliyev:Biz ədaləti bərpa etdik, otuz il ərzində işğal altında olan torpaqları qaytardıq və dövlətimizin, xalqımızın gücünü göstərdik. Müharibənin ilk günündən üstünlük bizim tərəfimizdə idi. Düşmən demək olar ki, panikaya, isterikaya qapılmışdı. Ermənistan ordusunda onların özlərinin etirafına görə 10 mindən çox fərari olmuşdur. İndi Ermənistan dövləti bilmir ki, bu fərariləri necə mühakimə etsin. Çünki bu da böyük problemlərə gətirib çıxara bilər. Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır”.

Əslində belə də olmalı idi, çünki uzun illər ərzində aparılan ardıcıl siyasət Azərbaycanı bu qələbəyə addım-addım yaxınlaşdırırdı. Həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər görülürdü. Bununla yanaşı Vətənini hər şeydən çox sevən bir nəsil yetişirdi.

Prezident İlham Əliyev:“Şuşada Cıdır düzündə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, mən 2003-cü ildə hakimiyyətə gələndə bu gün 25-30 yaşında olan insanlar uşaq idi. Biz onları vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişdirdik və onlar bizim torpaqlarımızı işğalçılardan azad etdilər. O cümlədən işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad ediblər. Bu, tarixi hadisədir”.

Bütün dünya gördü ki, iradə, güc, əzmkarlıq, cəsarət və xalq-iqtidar birliyinin olduğu yerdə haqq-ədalət də öz yerini tapır.