Gəncə gəncləri Xocalı soyqırımı qurbanlarını yad ediblər
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına uyğun olaraq gənclərin və Gəncədə yaşayan Xocalı sakinlərinin iştirakı ilə soyqırım qurbanları yad olunub. Anım mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi, Baş İdarənin əməkdaşları, Xocalı rayonunun Yaloba və Kosalar kəndlərinin sakinləri, həmçinin gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Gəncə şəhərində Xocalı sakinləri üçün salınan qəsəbədə yerləşən "Xocalı Soyqımı" abidəsini ziyarət ediblər. Daha sonra soyqırım qurbanlarının ruhu və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov bildirib ki, Azərbaycan xalqının tarixində erməni qəsbkarları tərəfindən zaman-zaman qətliamlar törədilib. Ermənistan silahlı birləşmələrinin hərbi-siyasi təcavüzü nəticəsində Xocalı faciəsi bunların içində ən dəhşətlisidir. Məqsədyönlü şəkildə törədilmiş soyqırımı aktı zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 dinc Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. "Bizim gənclərimiz bunu unutmamalıdır və bütün müasir imkanlardan istifadə edərək Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdırlar"-deyə o əlavə edib.
Tədbirin sonunda Xocalı məktəblilərinin ifasında bədii qiraət davam edib.
Qeyd edək ki, tədbir COVİD-19 pandemiyası ilə bağlı Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq açıq hava şəraitində baş tutub.