Cümə axşamı 15 Aprel 2021

Cəmiyyət

Dürdanə - əsirlikdən ruhu bakirə qayıdan qadın - TACİYƏ MEHDİSOY

GanjaNews - 26/02/2021

Xocalı deyiləndə əsirlik, əsirlik deyiləndə Dürdanə yada düşür. Əvvəl təkcə rabitəçi kimi tanınan Dürdanə.

Kaş elə təkcə rabitəçi kimi tanınardı. Heç tanınmazdı da. Sadəcə gündəlik həyatını yaşayardı, sevərdi, evlənərdi, ərinə qayğı göstərərdi, uşağını saxlayardı, qayğıkeş ev qadını olardı. Kaş... Qayğıkeş oldu, amma ev qadını kimi yox, EL QADINI kimi.

elin yükü var Dürdanə Ağayevada. 8 günlük tam fərqli, unudulmaz həyatı yalnız bal ayına gedəndə yaşamağı arzu edə bilərdik. Amma 8 gün əsirlikdə Durdanənin həyatı zəhər oldu. 1 yaş fərqi olan Elşad adlı qardaşı ilə ata ocağında o qədər birgə oynamışdılar ki. Bəlkə elə buna görə də dığa əsir götürəndə onları ayırmadı. Hər ikisini bir əsir aldı.

Hər ikisinə bir işgəncə verdi. Qardaşı bacısının əxlaqı üçün yandı, bacı qardaşın qeyrətini düşündü. Bədəni nə işgəncələr, nə zülmlər gördü. Əli qapı arasında qaldı, başını unitaza bağladılar, lüt vannada saxladılar, zəncirlə döydülər. Heç birisi başına gələn, ruhuna təcavüz olunan anda dişini sıxmaq, divarın o üzündəki qardaşı səsini eşitməsin deyə paltarını çeynəmək qədər ağır olmadı. Azərbaycan qadını ədəb ərkanla ər evinə gedəndə aylarla ata - qardaş üzünə rahat çıxa bilmir, o ki qala divarın bu tayında əsirlikdə qalan tək qadının Dürdanə olduğu bilinə, çıxan səs də ona məxsus ola. Dürdanə hissini boğsun, hirsini boğsun, səsini boğsun, ya elə hamısından yaxa qurtarıb özünümü boğsun? Ən çətinini elədi, elə səsini boğdu.

Dığa Dürdanədən evlərinin yerini soruşur, öyrənir. Öz vətənində əsir olan qız böyüyüb boya-başa çatdığı evə gətirilir. Üstü yanmış, 12 pilləkənin 3-4 pilləkəni qalmış evə. Dığa zənciri götürüb Dürdanəni öz həyətində döyür, bilirsiniz hansı həyətində? Öz evinin həyətində, qala adlandırdığı evinin həyətində, atası-qardaşı, arxa - dayağı həmişə gördüyü həyətində. Dürdanə döyülməyin yox, yiyəsizliyin ağrısını yaşayır. Hər şeydən qoruyan ev bu gün onu müdafiə edə bilmir. Bəlkə də o həyətdə sonuncu dəfə uşaqkən oynayanda yıxılıb dizi qanayanda ağlamışdı. İndi ruhu qanayır, düşmən önündədi deyə ağlaya da bilmir.

Amma hər qızın ağ gəlinlik, o gəllinlikdə ata evindən çıxmaq arzusu olur. Dürdanə bu arzusunu arzusu əlindən alınandan sonra daha çox anlayır, həmin pilləkənlərdən anasının müşayiəti ilə gəlinliklə düşdüyünü xatırlayır. O, xatırladıqca, düşmən zəncirlə bədəninə vurur. Ruhu zədələnmiş insan cismin zədəsindən sarsılmaz ki... O, gəlinlik bu qızın haqqı idi, namus, paklıq, bakirəlik haqqı. Bu haqqı ondan alanlara lənət olsun...

Abrından başına gələnləri hamıya rahat danışmaz, hətta yazdığı kitabına belə etibar etməz. Tək onu əsir qadın kimi yox, qəhrəman qadın kimi sevib-seçən ömrü gödək İlhamdan başqa.

Ana bir əsər yaza, kitab ərsəyə gətirə, heç övladından gizləyərmi? Amma Dürdanə gizlətdi, məcbur oldu, utanmalı olmasa belə utandı. Vaxtı gələndə oxumağına icazə verəcəyini dedi. Amma bəlkə də o vaxt gəlib, qızı yazını çoxdan oxuyub, anasına yansa da bu qədər şücaətli olduğu üçün onunla fəxr edib. Çünki əsirlikdə qadınlığı alınan qurban hesab olunur, əxlaqsız yox.

Əsirlikdə belə abrını qorudun, abrına qısıldın. Azad qadınlar hamısı sənin kimi əsir qadınların qarşısında borcludur. Hamımız sənin ismətinə borcluyuq. Çünki sən, əsirlikdən ruhu bakirə qayıdan qadın oldun. Bu paklığın o qədər üstündür ki, buna layiq nə ağappaq gəlinlik, nə də bərabər olacaq al qırmızı bağ var. Taleyinin başlanğıcı sənə qara gəlməsin, üzün həmişə ağdır.

Ey gənclər, biz bu gün abırlı, əxlaqlı olmağa məcburuq. Çünki erməni əlində, əsirlikdə min bir işgəncəyə məruz qalıb, son mübarizəsinə kimi cəhd edən qadınların bizə əmanətidir namus, namusların qorunması üçün canından keçən oğulların qeyrətidir bu qeyrət. Əsirlikdə qorunan namusu, qeyrəti, azadlıqda itirmək olarmı?