Bazar günü 24 Yanvar 2021

Cəmiyyət

Müşfiq Cəfərov: 'Halbuki, bu şəxslərin erməni əsirliyində olduğunu BQXK da təsdiq edib'

Gülnar Fazilqızı - 13/01/2021

Erməni əsriliyindən azad edilən hərbçilərimizin mediaya verdiyi açıqlamalardan məlum olur ki, onlara yaralı vəziyyətdə belə ağır işgəncələr verilib və bu prosesdə erməni həkimləri daha fəal olublar. Bəs hərbçilərimizin bu ifadələri əsas götürülərək əsirlərimizə işgəncə verən ermənilərin məsuliyyətə cəlb edilməsi, ən azından beynəlxalq miqyasda ifşası istiqamətində addımlar atılmalıdırmı?

Millət vəkili Müşfiq Cəfərov, Ermənistanın bütün digər məsələlərdə olduğu kimi, bu məsələdə də beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğuna diqqət çəkdi:

“Müharibə dövründə hər iki tərəfin bir – birinə əsir düşmüş hərbçiləri oldu. Əsir düşən vətəndaşlarımızla bağlı rus jurnalistinin çəkdiyi videolardan da aydın görünür ki, onlara qarşı rəftar heç də xoş olmayıb. Təəssüfedici haldır ki, XXI əsrdə insanlara bu qədər işgəncə vermək, güc tətbiq etmək və zorakılığa məruz qoymağa beynəlxalq təşkilatlar səssiz yanaşıb. Bu azmış kimi, ayrı–ayrı siyasi, dini konyukturaya xidmət edən transmilli mərkəzlərin təşkilatçılığı ilə məqsədli şəkildə qərəzli, ədalətsiz, həyasız dezinformasiyalar yayılır, əsası olmayan, heç bir sübuta, dəlilə söykənməyən, əldəqayırma ittihamlarla Azərbaycan Respublikasına, rəşadətlı ordumuza, ölkənin siyasi və hərbi rəhbərlyinə qarşı təbliğat aparılır.

Ermənistan tərəfi birinci Qarabağ müharibəsi zamanı da  877 nəfərin əsir götürüldüyünü etiraf etmirdi, lakin bizim əlimizdə Ermənistanda həbsxanalarda və digər saxlama yerlərində müəyyən şəxslərin saxlanılmasına dair təkzibedilməz faktlar olsa da, ermənilər bunu etiraf etmirdilər. Üstəlik BQXK da bu insanların müəyyən hissəsini ziyarət edib. Yəni BQXK bu şəxslərin erməni əsirliyində olduğunu təsdiq edib, lakin onlar sonradan yoxa çıxıblar. Beynəlxalq hüquq məhz burada pozulur!

Hələ 1996-cı ildə Azərbaycan Prezidenti bütün əsir-girovların hamının-hamıya prinsipi ilə dəyişdirilməsini təklif etmişdi. Azərbaycan tərəfi bütün əsirləri azad etdi, üstəlik həbsxanada cəza çəkən ermənilər də buraxıldı. Gözlənilirdi ki,  Ermənistan tərəfi də belə bir addım atacaq. Növbəti yoxlamalar göstərdi ki, Ermənistan tərəfi heç də hamını azad etməyib və bu gün də yüzlərlə azərbaycanlının taleyi barədə məlumatları gizlədir. Əgər onlar heç olmasa, azad edilmiş şəxslərin siyahısını bizə təqdim etsəydilər, bu da onlar üçün bir müsbət məqam sayıla bilərdi. Çox təəssüf ki, bununla bağlı beynəlxalq təşkilatlar susqun qalıblar.

Bu böhtan kampaniyasının seqmentlərinin biri də hərbi əsirlərlə, girovlarla rəftarla bağlıdır. Bu məsələyə qeyri-obyektiv, qərəzli yanaşma aşkar sezilir.

Ermənistanda da  olan narazılıqdan Azərbaycana həm ailə şəklində, həm də təkbaşına sığınan Ermənistan vətəndaşları az olmayıb. Ölkəmizdə onlara göstərilən humanist münasibət dünya dövlətlərinə nümunə olmuşdur, beynəlxalq qurumlar dəfələrlə Azərbaycanın insan hüquqlarına olan etimadından bəhs etmişdir”.

Ən çox oxunan

Hadisə