Çərşənbə günü 20 Yanvar 2021

Siyasət

Lamiyə İsazadə: 'Prezidentin Rusiya səfəri dövlətimiz və xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edir'

Sənubər Qocayeva - 12/01/2021

Azərbaycan dövlət başçısı cənab İlham Əliyevin 11 yanvar tarixindəki Rusiyaya işgüzar səfəri dövlətimiz və xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edən bir səfər oldu. Bu səfər dövlətimizin ərazi bütövlüyünü, xalqın və ölkənin milli maraqlarını qorumaq, regionda sülhü və milli təhlükəsizliyimizi təmin etmək məqsədi daşıyan bir səfər idi.

Dövlət başçımızın Rusiya mətbuatına bəyanatı ölkəmizin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqları, davamlı inkişafı, əhalisinin rifah və dəyərlərinin qorunmasını özündə ehtiva edirdi. Ölkə rəhbərinin qlobal və regional təhlükəsizlik və sabitliyə töhfə verən bəyanatında “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik” sözləri Azərbaycan dövlətinin humanizm prinsiplərinə əsaslanan siyasətinin əyani təzahürüdür. 

11 yanvar tarixli üçtərəfli görüşdə Rusiya və Azərbaycan liderləri Dağlıq Qarabağ münaqişəsinin artıq geridə qaldığını bəyanatlarında səsləndirsələr də, Ermənistan baş naziri “Təəssüf ki, bu münaqişə hələ nizamlanmayıb. Münaqişə qalır.” söyləməsi Ermənistan baş nazirinin hələ də şokda olduğunu, bu qələbəni dərk edə bilməməsini göstərir. O, hələ də ümid edir ki, Dağlıq Qarabağa Ermənistanın xeyrinə olacaq hansısa status veriləcəkdir. N.Paşinyan anlamalıdır ki, Azərbaycanın digər bölgələrinin hansı statusu varsa, bundan sonra Dağlıq Qarabağın da eyni statusu olacaqdır. Azərbaycanın siyasəti humanizm prinsiplərinə əsaslandığı üçün dövlət başçımız bugünkü gündə 48 mindən çox erməni köçkün və qaçqınlarının yenidən Dağlıq Qarabağa qayıtmasına icazə verdi. Bizim yerimizdə Ermənistan olsaydı, buna əsla izin verməzdi. Amma dövlətimiz onlara rahat şəkildə köçmələri üçün hətta vaxt da verir. Ermənistan bu anlayışa, bu nəcibliyə layiq deyil. 11 yanvar tarixində imzalanan üçtərəfli bəyanat uzunmüddətli perspektivdə vəziyyətin nizamlanması istəyini təşkil edir. Bu razılaşmaların icrası hər üç dövlətin xalqlarına da fayda verəcəyi, hər üç regionun bundan sonrakı davamlı və təhlükəsizlik inkişafını təmin edəcəyi şübhəsizdir. Eyni zamanda yeni bəyanatda öz əksini tapan nəqliyyat kommunikasiyalarının bərpası, hər üç dövlət üçün böyük əhəmiyyətə malikdir. Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaqdır. Biz, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcəyik, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları birləşəcəkdir. Cənab prezidentimizin də qeyd etdiyi ki, bütün regionda vəziyyətin müsbət inkişaf dinamikası çox cəhətdən Ermənistan ilə Azərbaycan arasında artıq tarixdə qalmış münaqişənin nizamlanmasından asılı olacaqdır. Faşistliyi güclü şəkildə qəhrəmanlaşdıran Ermənistan onsuz da bundan sonra işğalçı şleyfindən əsrlərlə qurtula bilməyəcəkdir. Azərbaycanın Zəfərindən sonra isə onlar yaxşı dərk edirlər ki, üçtərəfli imzalanan hər iki bəyanata əməl edilməsə, Ermənistanın bir dövlət olaraq yaşamaq şansı olmayacaqdır. Dəfələrlə torpaqlarımızı tərk etməyəcəyini, işğalçılıq niyyətini gizlətməyərək yeni torpaqlar uğrunda yeni müharibəyə başlayacağını pafoslu şəkildə bəyan edən və sülh yolunda mövcud olan bütün prinsipləri kobudcasına pozan Paşinyanın imzaladığı 11 yanvar tarixli ikinci bəyanatdan sonra, böyük ehtimal ki, Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etməyəcəkdir. Bir vaxt  “Qarabağ Ermənistandır, nöqtə” deyənlər indi peşman olub, “Qarabağ Azərbaycandır, nida işarəsi” hökmünü qəbul ediblər və bundan sonra isə dövlətimizin qoyduğu şərtlərə əməl etmək məcburiyyətindədirlər. Azərbaycanın bu Zəfəri azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayaraq sonunda öz amalına qovuşdu. 

Lamiyə İsazadə,
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” Birliyinin sədri.