Çərşənbə günü 20 Yanvar 2021

Mədəniyyət

11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günüdür

Sənubər Qocayeva - 11/01/2021

Bu tarixin xüsusi mühafizə olunan təbiət ərazilərinə həsr edilməsi təsadüfi deyil.

Belə ki, 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən qeyd olunur.

Azərbaycanda da ölkənin nadir təbiətinin qorunması məsələlərinə böyük diqqət yetirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xəbər verir ki, bu məqsədlə ölkəmizdə 10 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Azərbaycanda ilk qoruq 1925-ci ildə yaradılmış Göygöl Dövlət Təbiət Qoruğudur.

Bununla yanaşı, nazirlik tərəfindən yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlər davam etdirilir, digər tərəfdən mövcud olanların əraziləri genişləndirilir. Ümumiyyətlə, xüsusi mühafizə olunan təbiət əraziləri sayı azalmaqda və nəsli tükənməkdə olan bitki və heyvan növlərini qorumağa hesablanıb.

Ötən il 44 gün davam edən Vətən müharibəsində Rəşadətli Ordumuz möhtəşəm Qələbə qazandı. 30 ilə yaxın bir müddətdə işğalda olan torpaqlarımız erməni tapdağından azad olundu. Ermənilər bu illər ərzində həmin torpaqlarda vandalizm aktları törədib, bütün tarixi abidələri, məscidləri, yaşayış binalarının, evlərin əksəriyyətini dağıdıb, meşələri kəsib, qırıb, yandırıblar. Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində həmin torpaqlarda olan böyük əhəmiyyətə malik xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri işğalçı ordunun tapdağına məruz qalaraq məhv edilib.

Prezident İlham Əliyev yanvarın 6-da ötən ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə bu məsələyə də toxunaraq deyib: “Azad edilmiş torpaqlarda, eyni zamanda, dövlət təbiət qoruqları və yasaqlıqlar olub. Mən bu məlumatı da Azərbaycan xalqına çatdırmaq istəyirəm. Laçın rayonunda Qaragöl Dövlət Təbiət Qoruğu 1987-ci ildə yaradılıb, 240 hektar sahəsi var idi, tamamilə məhv edilib, talan olunub və bütün ağaclar qırılıb. Zəngilan rayonunda Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu, Avropada unikal meşə sayılır və burada nadir çinar ağacları var idi. Bu qoruq 107 hektarı əhatə edib, indi isə cəmi 42 hektarı qalıb. Bu, erməni vəhşiliyinin növbəti təzahürüdür. Bu, onu göstərir ki, onlar başa düşürdülər və bilirdilər ki, bu torpaqlarda müvəqqəti oturublar. Onlar bizim evlərimizi dağıdıblar, tarixi abidələrimizi dağıdıblar, məscidlərimizi dağıdıblar, meşələrimizi də dağıdıblar. Nadir çinar meşəsindən cəmi 42 hektar qalıb. Oraya da mütləq bir qrup ezam olunmalıdır, yerində təftiş aparılmalıdır və bu qoruq bərpa edilməlidir. Qubadlı Dövlət Təbiət Yasaqlığı 1969-cu ildə yaradılıb, 1988-ci ildə sahəsi 8500 hektar olub, 2020-ci ildə 6923 hektar. Yəni, 1577 hektar dağıdılıb, talan edilib. Daşaltı Dövlət Təbiət Yasaqlığı 1981-ci ildə Heydər Əliyev tərəfindən yaradılmışdır. 1988-ci ildə 400 hektar sahəsi var idi, hazırda 350 hektardır. Burada da 50 hektar dağıdılıb. Laçın Dövlət Təbiət Yasaqlığı 1961-ci ildə yaradılıb, 1988-ci ildə 7500 hektar sahəsi var idi. Hazırda 4457 hektar qalıb, 3043 hektar ermənilər tərəfindən məhv edilib. Zəngilan rayonunda Arazboyu Dövlət Təbiət Yasaqlığı 1993-cü ildə yaradılıb, sahəsi 1700 hektar idi. Hazırda cəmi 135 hektar qalıb. Yəni, 1565 hektar məhv edilib. Bu məlumat “Azərkosmos” tərəfindən “Azərsky” peykindən götürülüb və mənə təqdim edilib. Ona görə bir daha deyirəm ki, oraya xüsusi qruplar ezam edilməlidir, yerində baxmalıdır və bu da sənədləşdirilməlidir, bunun dəymiş ziyanı da hesablanmalıdır və Ermənistanın növbəti ekoloji terroru kimi qeydiyyata alınmalıdır”.