Çərşənbə günü 20 Yanvar 2021

Mədəniyyət

Bu gün Respublikanın Xalq artisti Məmmədəli Balayevin doğum günüdür

Sənubər Göyüşqızı - 10/01/2021

Bu gün “Qızıl Dərviş” mükafatı laureatı, ömrünü Azərbaycan mədəniyyətinə həsr edən Respublikanın xalq artisti Məmmədəli Bəşir oğlu Balayevin doğum günüdür. O, 82 yaşına qədəm qoydu. 48 illik ömrünü sənətlə bağlayan xalq artisti bir-birindən fərqli və maraqlı obrazlar qalereyası yaratmaq qismətinə nəsib olub. Onun səhnə fəaliyyəti gənc aktyor nəslinin yetişdirilməsində və inkişaf etdirilməsində xüsusi olaraq diqqəti cəlb edir.

Məmmədəli Balayev 1939-cu ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olmuşdur. 1950-ci ildə ailəsi ilə birgə Qərbi Azərbaycandan Daşkəsən rayonuna deportasiya olunmuşdur. 1954-cü ildə Mədənçilərin Mədəniyyət evində bədii özfəaliyyət dərnəyi təşkil etmişdir. Sonra Məmmədəli Balayev Moskva Dövlət İncəsənət Universitetinin iki illik rejissorluq kursunu və həmçinin Pedoqoji İnstitutun "Dil-ədəbiyyat" fakültəsini bitirmişdir.1961-ci ilin sentyabr ayından Gəncə Dövlət Dram teatrında fəaliyyətə başlamışdır.Gəncə Dövlət Dram Teatrının səhnəsində "Məhəbbət əfsanəsi"ndə Xosrov, "Pələng dərisi geyinmiş pəhləvan"da Tariyel, "Qaramanlı Qamboy"da Hacı Zeynəlabdin Tağıyev, "Komsomol poeması"nda Cəlal, "Nəriman ata"da Nəsif bəy Yusifbəyov, "Sokratla söhbətlər"də Anit, "Üç qəpiklik opera"da Gənc,"Dağlı qızı"nda Yusif, "O olmasın bu olsun"da Qoçu Əsgər, "Qatır Məmməd"də Əziz, "Qaçaq Nəbi"də Səlim bəy, "Ağıllılar və dəlilər"də Ədhəm Tağıyev,"Bu dünyanın adamları"nda Qulaməli, "Eşq və intiqam"da Piri baba, "Oktay Eloğlu"nda Hacı Zaman, "Qana qan"da Tacir, "Bəxtsiz cavan"da Hacı Səməd ağa, "Əsrin möçüzəsi"ndə Ədalət, "Qəribə oğlan"da Barsuq, "Son məktub"da Vahid, "Məhəbbətin qənimi"ndə Həkim, "Dan yeri söküləndə"də Cəlil ağa və digər başqa maraqlı obrazları yaratmışdır. Eyni zamanda 1990-cı ildə Gəncə Dövlət Nizami Poeziya teatrında da aktyor kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində o, N. Gəncəvinin Xəmsəsi motivləri əsasında hazırlanmış tamaşalarda Nizami Gəncəvi obrazının əvəzolunmaz ifaçısı kimi tamaşaçıların hörmət və rəğbətini qazanmışdır. Məmmədəli Balayev həmçinin "Bu dünyadadır", "Sizi unutmarıq" və "Qəza" pyeslərinin müəllifidir.

28 oktyabr 2000-ci il tarixində Respublikanın əməkdar artisti, 10 mart 2002-ci il tarixində "Qızıl Dərviş" mükafatını almışdır. 13 fevral 2014-cü ildə xalq artisti fəxri adına layiq görülmüşdür[1]. 4 mart 1992-ci il tarixində Azərbaycan Ali Sovetinin fəxri fərmanı və fəxri medalı ilə təltif olunmuşdur. 1994-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının Gəncəbasar bölməsinin sədridir.

Doğum günü münasibətilə Gəncə Dövlət Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Əli Qasımov və teatrın kollekti qocaman sənətkarı təbrik edir ona möhkəm sağlam can , uzun ömür və yaradıcılıq uğurları arzulayıblar. Ganjanews.az kollektivi də həmin təbriklərə qoşulur.