Cümə günü 15 Yanvar 2021

QHT

Lamiyə İsazadə: 'Sosial siyasət dövlətimizin daxili siyasətinin tərkib hissəsidir'

Gülnar Fazilqızı - 08/01/2021

Çağdaş Azərbaycanda sosial siyasət həm bu gün, həm də gələcəkdə insanların layiqli həyat şəraitinin təmin edilməsini, xalqımızın rifah halının yüksəldilməsini həyata keçirən layihələr uğurla reallaşdırılır.

Dövlət başçımızın imzaladığı sosialyönümlü fərman və sərəncamlar dövlətimizin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığının əyani göstəricisidir. Prezidentimizin sosialyönümlü siyasətinin məqsədi sadəcə sosial bərabərsizliyi aradan götürmək deyil, eyni zamanda onu tarazlaşdırmaq, vətəndaşların maddi vəziyyətindəki fərqliliyi aradan qaldırmaq, kəskin təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərinin layiqli həyat səviyyəsini təmin etməkdən ibarətdir. Ölkəmizdə aparılan sosial siyasət əhalinin rifah halının yüksəldilməsi sahəsində ardıcıl irəliləyişlərin reallaşdırılmasına imkan verir. Prezident İlham Əliyevin "Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır" tezisi imzaladığı bütün sosialyönümlü fərman və sərəncamlarında öz əksini tapır.  Xüsusilə qeyd etmək lazımdır ki, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən ziddiyyət təşkil etmir. Əksinə, əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Buna misal olaraq, son 1 ildə pandemiya səbəbindən yaranan çətinliklər fonunda ölkəmizdə işsizlərlə bağlı problemlər mərhələli şəkildə həll olunur, xalqımızın həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilən islahatlar ardıcıl olaraq davam etdirilir. Dövlətimizdə sosial siyasət əhalinin əsas sosial qruplarının marağını əsas götürərək, cəmiyyətdəki münasibətlərin tənzimlənməsində təzahür edir və sosial siyasət dövlətimizin daxili siyasətinin tərkib hissəsidir.

Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə həyat keçirilən bütün proqramlar hər zaman xalqımız tərəfindən yüksək rəğbətlə qarşılanmışdır. COVİD-19 pandemiyası dövründə əhalinin sosial müdafiəsi və iqtisadiyyata dəstək məqsədilə həyata keçirilən, 5 milyona yaxın vətəndaşı əhatə edən tədbirlər üçün 3,5 milyard manat vəsait ayrılmışdır.

Son 1 ildə yalnız pensiya üzrə əhaliyə ödənilən vəsait əvvəlki illərlə müqayisədə 1 milyard manat çox olubdur. Dövlətimiz pandemiya ilə mübarizə çərçivəsində əhalinin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni modul tipli xəstəxanaların açılması, müasir laboratoriyaların qurulması, qoruyucu vasitələrin istehsalı, dərman preparatlarının, tibbi avadanlıqların alınması, insanların müalicəsi, vaksinasiyası və s. məsələlərin həlli üçün böyük vəsait sərf etdi. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin qorunması üçün məqsədyönlü tədbirlər görüldü. Həyata keçirilən hər bir sosial-iqtisadi siyasət milyonlarla böyük vəsait tələb edir. Bu vəsaitin əldə olunması isə şübhəsiz ki, düzgün və düşünülmüş dövlət idarəçiliyinin, düzgün iqtisadi siyasətin nəticəsidir. Azərbaycanın hər bir vətəndaşının probleminin mümkün olan ən qısa zamanda və ən yaxşı şəkildə həlli dövlət başçımızın həyata keçirdiyi siyasətin mərkəzində dayanır. Yaxın keçmişə nəzər salsaq sentyabrın 27-də başlamış Vətən Müharibəsinin hər günü dövlətimizə təxminən 100 milyon manata başa gəldi və ümumilikdə 44 gün ərzində 4 milyard manat həcmində vəsait xərcləndi. Müharibədən sonrakı dövrdə geniş sosial dəstək paketlərinin həyata keçirilməsi, o cümlədən şəhid ailələrinə, müharibə əlillərinə yardım məqsədilə böyük məbləğdə vəsaitin xərclənməsi nəzərdə tutulur.  Dövlət başçımızın ötən ilin sonlarında imzaladığı fərmanlarla şəhid ailələrinin təqaüdlərində 66,7 faizlik, müharibə əlilləri və digər həssas qrupların təqaüdlərində orta hesabla 50 faizlik artımlar edilib, yeni təqaüd növləri təsis olunubdur. Bu artımlar da ildə əlavə olaraq milyonlarla manat vəsaitin ayrılmasını nəzərdə tutur. 2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə və 20 yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb ki, bu da 66.7% artım deməkdir. Həmçinin, “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat veriləcəkdir. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40% artırılıb. Bütün bunlar  dövlətimizin başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını ehtiva edir.  

Cənab İlham Əliyev bütöv Azərbaycanın perspektiv inkişafı üçün, işğaldan azad olunmuş torpaqlarımızın bərpası və yenidən qurulması üçün dövlətimizə milyardlarla vəsait sərf edərək, ölkəmizi yaxın illərdə ən müasir və inkişaf etmiş dövlətə çevirmək istiqamətində əzmlə, yorulmadan, qətiyyətlə çalışır.
Müstəqil tariximizin ən ağır və məsuliyyətli ilində  ölkəmizdə gedən uğurlu, məqsədyönlü işlərdən ruhlanaraq dövlətimizə dəstək olmaq hər birimizin vətəndaşlıq borcudur!

Lamiyə İsazadə,
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” Birliyinin sədri.