Çərşənbə günü 20 Yanvar 2021

Təhsil

UTECA-nın 50 illiyi münasibətilə beynəlxalq konfrans keçirilib

Gülnar Fazilqızı - 26/12/2020

Azərbaycan Texnologiya Universitetinin 50 illiyi münasibətilə beynəlxalq konfrans keçirilib. Beynəlxalq konfrans “Universitet - sənaye əlaqələrinin keyfiyyət təminatının əsas problemləri”nə həsr olunub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Təhsil Nazirliyinin nümayəndəsi Yaşar Omarov, Türkiyə YÖKAK rəhbəri Muzaffer Elmas, akademik Ziyad Səmədzadə, UNEC rektoru Ədalət Muradov, AzTU rektoru Vilayət Vəliyev, ADPU rektoru Cəfər Cəfərov, ADNSU rektoru Mustafa Babanlı, ADAU rektoru İbrahim Cəfərov, MDU rektoru Şahin Bayramov və DGKA, BBU, BMU, GDU prorektorları, digər universitetlərin təmsilçiləri, eləcə də AZTMU-nun mütəxəssisi Elmira Qocayeva, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı nümayəndəsi Xudayar Həsənli və UTECA-nın əməkdaşlıq etdiyi digər müəssisələrin ekspertləri, millət vəkili Müşfiq Cəfərov iştirak ediblər.

Beynəlxalq konfransa xarici qonaqlar qismində İngiltərədən London Middlesex Universitetinin mütəxəssisi Corc Dafulas, Cənubi Koreyadan beynəlxalq səviyyəli ekspert Byun Chang Yul, Kabardin-Balkar Dövlət Aqrar Universitetinin prorektoru və mütəxəssisləri, Rusiyadan Belyəlxalq Elmi-Texniki İnformasiya Mərkəzinin, Ukraynadan Boqdan Xmelnitski adına Çerkes Milli Universitetinin elm adamları qatılıblar.

Tədbir çərçivəsində Texnologiya Universitetinin 50 illiyinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Beynəlxalq konfransda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, dünyaya Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirşə Şəfi  Vazeh kimi dahi şair və mütəfəkkirlər bəxş edən Gəncə, Azərbaycanın ikinci böyük sənaye şəhəri olmaqla yanaşı, həm də qədim elm və mədəniyyət mərkəzi hesab olunur. Bu gün Gəncədə AMEA-nın Gəncə Regional bölməsi,  3 universitet və 3 kollec fəaliyyət göstərir. Yüksək ixtisaslı kadrların hazırlandığı həmin ali təhsil müəssisələrindən biri də Azərbaycan Texnologiya Universitetidir. Qeyd etmək yerinə düşər ki, universitet Azərbycanda texnologiya sahəsində yüksək ixtisaslı kard hazırlayan ilk və tək ali təhsil ocağıdır. Şəhər rəhbəri Azərbaycan Texnologiya Universitetinin kollektivini 50 illik yubileyi münasibətilə təbrik edərək, konfransın işinə uğurlar azrulayıb.

UTECA-nın rektoru, professor Akif Süleymanov çıxışında qeyd edib ki, konfransın mövzusu müasir ali təhsil ocaqlarının inkişaf göstəricilərini hədəfə alır. Məqsəd bu hədəflərə çatmaq üçün görülən işlərin daha da təkmilləşdirilməsinə nail olmaqdır. Rektor Tenologiya Universitetində bu istiqamətdə görülən işlərə misal olaraq Təhsil Nazirliyi tərəfindən tövsiyə edilən və artıq 4-cü ildir ki, icrası uğurla davam edən Müştəriyə yönəlmə Proqramı haqda danışıb. Bildirib ki, proqram çərçivəsində universitet hazırda 34 müəssisə ilə aktiv əməkdaşlıq edir. Nəticədə universitet texnoparkında 10-a yaxın çeşiddə məhsul istehsal edilir.

Konfransda iştirak edənlər UTECA-nı 50 illiyi münasibətilə təbrik edib, ali təhsil ocağının fəaliyyətində uğurlar arzulayıblar. Sonra konfransın mövzusuyla bağlı fikirlərini səsləndiriblər, elmi işlərin bu istiqamətdə rolundan danışıblar. Aktual tezislər dinlənilib. Universitet - sənaye əlaqələrinin keyfiyyət təminatının əsas problemləri ətrafında fikir mübadiləsi aparılıb, müasir və beynəlxalq təcrübələrin tətbiqinin vacibliyi vurğulanıb. Bu istiqamətdə perspektivlər müzakirə edilib.

Qeyd edək ki,  konfransın məcmuələr toplusuna 200-ə yaxın tezis daxil edilib.