Çərşənbə axşamı 1 Dekabr 2020

QARABAĞ AZƏRBAYCANDIR!

BTA-nın prezidenti Gəncədə Ermənistan silahlı qüvvələrinin raket hücumlarının nəticələri ilə tanış olub

Gülnar Fazilqızı - 19/11/2020

Ölkəmizdə səfərdə olan Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali və Beynəlxalq Türk Akademiyası prezidentinin müşaviri Füzuli Məcidli Gəncəyə gəliblər. Onlar Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının nəticələri ilə tanış olublar.

Qonaqları Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Bölməsinin sədri, akademik Fuad Əliyev və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin sədri Həmid Nəsirov müşayət ediblər.

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Bölməsinin sədri, akademik Fuad Əliyev qonaqların diqqətinə çatdırıb ki, cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncə ümumilikdə 5 dəfə Ermənistan tərəfindən atəşə tutulub. Gecə saatlarında yatmış şəhərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb. Həmçinin bildirilib ki, 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib. Raket hücumları nəticəsində Gəncənin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüblər.

Qonaqlar erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüblər. Daha sonra Beynəlxalq Türk Akademiyasının prezideni Darxan Kıdırali  və  prezidentin müşaviri Füzuli Məcidli erməni terroru nəticəsində zərər görən sakinlərlə görüşüblər.

Photogallery

DSC 0104 DSC 0100 DSC 0116 IMG 0911 IMG 0912 IMG 0905