Çərşənbə axşamı 1 Dekabr 2020

Hadisə

I Qarabağ müharibəsinin veteranı, Milli Qəhrəman vəfat edib

Sənubər Qocayeva - 18/11/2020

Birinci Qarabağ müharibəsinin veteranı, Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov vəfat edib.

O, yol qəzasında aldığı xəsarətlərdən vəfat edib.

Belə ki, M.Həsənov noyabrın 9-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində yol qəzasına düşüb. Ağır xəsarət alan Milli Qəhrəman əvvəlcə Goranboy rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncə şəhər Beynəlxalq Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Lakin vəziyyəti ağır olduğuna görə onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Məhəmməd Həsənov 9 avqust 1959-cu ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində doğulub. Ermənilər torpaqlarımıza hücum edəndə o, könüllülərdən ibarət dəstəyə komandir təyin olunur. Məhəmmədin döyüş yolu Mənəşli, Erkəç, Qaraçinar, Talış kəndlərindən keçir. Ermənilər ağır itkilər verərək geri çəkildilər. Məhəmməd xeyli erməni quldurunu şəxsən özü məhv etdi. 1992-ci il könüllü batalyonlar ləğv edildikdən sonra "N" saylı hərbi hissədə xidmətini davam etdirir. 1993-cü ildə Baki Ali Komandirlər Məktəbini bitirir. O, polkovnik-leytenant rütbəsinəcən yüksəlib. 2002-ci ildən Goranboy rayonunun Veyisli kənd orta məktəbində işləyib və təhsil aldığı 3 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışırdı.Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Həsənov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Allah rəhmət eləsin!