Çərşənbə axşamı 1 Dekabr 2020

Cəmiyyət

Əfqanıstanda gəncəlilərin Qarabağ aksiyası!

Sənubər Qocayeva - 19/10/2020

Əfqanıstanın qərbində yerləşən Herat vilayətində Səfəvi zamanı Gəncədən Mərv şəhərinə, oradan da 1785-ci ildə Herata köçmüş soydaşlarımız yaşayır.

Burada onlara axırıncı köç yerləri Mərv şəhəri olduğuna görə "mərvi" deyirlər. Azərbaycanda Gəncə nədirsə, Əfqanıstanda da Herat odur – ölkənin ikinci paytaxtı, qədim mədəniyyət, ədəbiyyat və memarlıq mərkəzi. Soydaşlarımız burada Zindəcan rayonunun Şəkiban, Məmizak və Bərnabad kəndlərində və Herat şəhərinin özündə yaşayırlar. Azərbaycanın qayğısından və diqqətindən uzaqda, ana dilində təhsildən məhrum qalsalar da ürəkləri ana vətəndən iraq deyil.

Burada mərvi adı ilə bilinən bu qacar elindən olan gəncəli soydaşlarımız Qarabağdakı döyüşlərin getdiyi günlərdə ata yurdlarına arxa durmağı özlərinə vəzifə bilmişlər. Özlərinin çətin vəziyyətdə olmalarına, Azərbaycandan heç kimin gedib onlarla maraqlanmamasına baxmayaraq onlar üçün "Azərbaycan" adı gələndə, necə deyərlər, axan sular durur. 2016-cı ildən bəri Əfqanıstan və Pakistandakı Səfəvi yadigarı icmalarımızla işləyən Qizil Unity platformasının fəallarından biri, Fərid Şabanpur bəyin təşəbbüsü ilə mərvi qardaşlarımız Herat şəhərində #KarabakhisAzerbaijan devizi ilə yığıncaq keçirmiş, şəhidlərimizin ruhuna Quran oxumuş və Qarabağın tezliklə Azərbaycanın nəzarətinə qaytarılması gərəkdiyini vurğulamışlar.

Hələ neçə neçəsi sosial şəbəkələrdə profilinə Azərbaycan bayrağını və "Karabakh is Azerbaijan" yazılarını qoyur, hər şəkildə, hər vəchlə Azərbaycan türkü olduqlarını, Heratın qəlbində "Kiçik Azərbaycan" olduqlarını vurğulamağa çalışırlar və bacarırlar. 1.8 milyon əhalisi olan Herat vilayətində bu gəncəli soydaşlarımız 10 min nəfər sayla kiçik bir azlıq olsalar da təhsilə diqqətlərinə, açıq dünya görüşlərinə, fərasətlərinə görə bütün Heratda hörmət-izzət sahibidirlər və saylarından qat-qat artıq təsirə malikdirlər. Heratda gəncəlilərin təmsil olunmadığı mədəni fəaliyyət çətin tapılar, bir nəfərlə də olsa mütləq təmsil olunmalıdırlar. Özləri həmişə vurğulamağı sevirlər: "biz burada başqaları kimi deyilik, təhsil bizim üçün birinci yerdə gəlir, bizim 2 min nəfər ali təhsillimiz var". Cəmi 10 min nəfərlik bu Bala Gəncədə memarından tutmuş siyasətçisinədək, futbolçusundan şairinədək, həkiminədək hər məsləkdən fəxr edə biləcəyimiz soydaşımız tapılır. Soydaşlarımızın ürəyi Azərbaycanla döyünür, diqqətləri Qarabağdadır, ana vətəndənsə tək gözlədikləri onların ana dilində təhsilinə kömək olmasıdır.

"Mən tarixi vətənimi tapmışam, mənim fikrim, diqqətim hər gün, hər saat Azərbaycandadır, onu ata bilmərəm" – Fərid Şabanpur.