Şənbə 19 Sentyabr 2020

Təhsil

GDU-da yeni dərs ili başlayıb

Surxay Məmmədzadə - 16/09/2020

Öz tarixi ənənələrinə sadiq qalan Gəncə Dövlət Universitetində 2020/2021-ci tədris ilinə uğurla başlanıldı.

Əvvəlki illərdən fərqli olaraq pandemiya ilə bağlı yeni tədris ili böyük təntənə ilə müşaiyət olunmadı. Lakin buna baxmayaraq universitetdə bir canlanma hiss olunurdu. Bunun da əsas səbəbi universitetdə aparılan bir sıra yenilənmə oldu. Belə ki, universitetin korpuslarında bəzi yenidənqurma işləri aparılmış, texnika və avadanlıqların təzələnməsi işləri görülmüşdür. Bundan başqa uzun illərdən bəri istismara yararsız vəziyyətdə olan tələbə yataqxanaları əsaslı şəkildə təmir edilmiş və burada tələbələrin rahatlığı üçün bütün şərait yaradılmışdır.

Qeyd edək ki, yeni dərs ilinin başlanması ilə əlaqədar universitetin tədris binalarında dezinfeksiya işləri də aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl etmək üçün pedaqoji kolektivin hər bir üzvünə nəzarət gücləndirilmişdir.

Məlum olduğu kimi pandemiya başlayan gündən digər təhsil ocaqları kimi Gəncə Dövlət Universitetində də təhsil online sisteminə keçmişdir.

Pandemiya səbəbindən tədrisin məsafədən təşkili istiqamətində yarana biləcək çətinliklərin qarşısını almaq məqsədilə bütün fakültələrdə professor-müəllim heyəti üçün “Microsoft Teams” paltformasından istifadəyə dair onlayn formada təlimlər təşkil olunmuşdur. Tələbə heyəti üçün platformadan istifadə üzrə təlimatlar hazırlanmışdır. Onlayn dərslərin texniki təminatı daha da təkmilləşdirilmişdir. Məsafədən təhsilin keyfiyyətli təşkili üçün lazımi şərait yaradılmışdır.

Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq universitetin beynəlxalq layihələrdə iştirakı, beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, ikili diplom proqramlarının miqyasının genişləndirilməsi yönündə bir sıra xarici ali təhsil müəsisələri ilə danışıqlar aparılıb, birgə layihələrin həyata keçirilməsi istiqamətində hazırlıq işlərinə başlanılıb.

Bütün bunlar yeni tədris ilində tələbələrimizin peşəkar mütəxəssislər kimi formalaşmasında, elmin sirlərinə yiyələnməsində mühüm rol oynayacaqdır.

Hörmətli müəllimlər, əziz tələbələr yeni tədris ilinin başlanması münasibəti ilə sizi təbrik edir  və  uğurlar arzulayırıq!

Photogallery

IMG 6324

İdman

Hadisə