Şənbə 19 Sentyabr 2020

Cəmiyyət

Heydər Əliyev Fondu tərəfindən Gəncədə yenidən qurulan İdman liseyinin açılışı olub

Sənubər Qocayeva - 16/09/2020

Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri də məktəb tikintisinin geniş vüsət almasıdır. Dövlətimizin başçısının yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində deyildiyi kimi, bu il ölkə üzrə 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi Bilik Gününə hazır vəziyyətə gətirilib.

Heydər Əliyev Fondu Azərbaycanın sosial-iqtisadi inkişafının ən mühüm və zəruri sahələrindən biri kimi müəyyən edilmiş təhsil sahəsinin inkişafına daim xüsusi diqqət və qayğı ilə yanaşıb, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirib. Fond bütün ölkədə böyük rəğbətlə qarşılanan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək”, ümumiyyətlə dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirib.

Fondun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu sahəni inkişaf etdirərək beynəlxalq səviyyəyə çatdırmaqdır. “Yeniləşən Azərbaycana yeni məktəb ” layihəsi həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılmasının zəruriliyi və digər sahələrdə çoxlu sayda uğurlar qazanılıb.

Təkcə bu tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib.

15 sentyabr – Bilik Günündə Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Təhsil naziri Emin Əmrullayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əvvəlcə ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Daha sonra Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan İdman liseyinə baxış keçirilib. İdman liseyində foyedə ümummilli lider Heydər Əliyevin Azərbaycan idmanının inkişafına göstərdiyi diqqət və qayğını özündə əks etdirən fotoguşə təqdim edilir.

İdman liseyinin dördmərtəbəli yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub. 360 yerlik liseydə 18 sinif otağı var. Yeni istifadəyə verilən təhsil müəssisəsində güləş zalı, futbol, basketbol meydançaları, akt zalı və yeməkxana fəaliyyət göstərir.

Gəncədə idmanın, xüsusən də güləşin böyük ənənələrə malik olduğunu, gəncəli idmançıların isə həm respublika, həm də beynəlxalq səviyyəli yarışlarda böyük uğurlar qazandığını xatırladan Anar Ələkbərov idman liseyində yaradılmış ən müasir şəraitdən istifadə edən gənclərin gələcəkdə yeni-yeni uğurlar qazanacağına və ölkəmizin idman şərəfini ləyaqətlə qoruyacağına əminliyini ifadə edib.

Photogallery

1600183439390647745 1000x669 16001834394148560231 1000x669 16001834395721129589 1000x669 160018343956038835 1000x669

İdman

Hadisə