Şənbə 19 Sentyabr 2020

Cəmiyyət

Gəncədə yeni inşa olunmuş 28 saylı məktəbin binası istifadəyə verilib

Gülnar Fazilqızı - 16/09/2020

2020-2021-ci tədris ilində Gəncə şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Azərbaycan Bayrağı küçəsində salınan yaşayış kompleksində inşa edilmiş 28 saylı tam orta məktəbin binasının açılışı olub. Pandemiya şəraitində karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilən açılış mərasimində Təhsil naziri Emin Əmrullayev, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə binanın girişində ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğını özündə əks etdirən fotoguşə ilə tanış olublar.

Məktəbin direktoru Esmira Qaraxanova bildirib ki, 28 saylı tam orta məktəbin ümumi ərazisi 6,23 hektardır. 1170 şagird üçün nəzərdə tutulan məktəbdə hazırda 840 nəfər şagird təhsil alır. Məktəb binası 4 mərtəbədən, 5 korpusdan, 56 sinif otağından (1 ədəd məktəbəqədər, 15 ədəd ibtidai, 29 adi sinif otağı) ibarətdir.

Qeyd edilib ki, məktəbdə kitabxana, fizika, kimya, biologiya laboratoriyaları, informatika, əmək və hərbi kabinetlər yaradılıb. Məktəb üçün həmçinin 136 yerlik yeməkxana, 387 yerlik akt zalı, 540 kvadratmetrlik idman zalı ən müasir tələblər səviyyəsində qurulub.

Müasir təhsil standartlarının yaradıldığı yeni məktəb binasının və buradakı mövcud maddi-texniki bazanın gələcəkdə şagirdlərin bilik və bacarıqlarının inkişafına müsbət təsir göstərəcəyini deyən Esmira Qaraxanova məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

Təhsil naziri Emin Əmrullayev 15 sentyabr - Bilik Günü və 28 saylı tam orta məktəb üçün tikilmiş yeni binanın açılışı münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Photogallery

16001784663452736811 1000x669 16001784663870464002 1000x669 16001784664840919392 1000x669 16001784666243252766 1000x669 16001784663208627512 1000x669

İdman

Hadisə