Bazar günü 25 Oktyabr 2020

Elm

AMEA Gəncə Bölməsinin nəşrləri Mərkəzi Elmi Kitabxanaya təqdim edilib

Gülnar Fazilqızı - 10/09/2020

AMEA-nın regional mərkəzlərində akademik elmin inkişafı, tədqiqat fəaliyyətinin genişləndirilməsi, fundamental, multidissiplinar və tətbiqi araşdırmaların vüsət alması elmin informasiyalaşdırılması prosesinin təminatçısı olan Mərkəzi Elmi Kitabxananın (MEK) da qarşısına mühüm vəzifələr qoyur.

Azərbaycanın hər bir bölgəsinin tarixi, arxeologiyası, etnoqrafiyası, təbii ehtiyatları və digər bu kimi istiqamətlərdə aparılan tədqiqatların nəticələri ilə elmi ictimaiyyəti məlumatlandırmaq MEK-in öhdəsinə düşən mühüm vəzifələr sırasına daxildir. Regionların inkişaf perspektivlərini təmin edən inteqrasiyalı elmi informasiya sistemlərinin, elmi-sahəvi biblioqrafik bazaların yaradılması təşəbbüsü ilə çıxış edən MEK tərəfindən AMEA-nın bölmə və elmi mərkəzlərinə müraciət ünvanlanıb və innovativ informasiya xidməti servisi paketi təklif edilib. Müraciət ziyalıların böyük marağına səbəb olub. Təşəbbüsə öz elmi resurslarını təqdim etməklə ilk qoşulan AMEA-nın Gəncə Bölməsi olub.

Bu barədə MEK-dən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar yaradılmış işçi qrup bölmənin alimlərinin elmi əsərlərinin kolleksiyasını (professor Xəlil Yusiflinin dahi mütəfəkkir Nizami Gəncəviyə həsr etdiyi monoqrafiyalar, bölmənin digər əməkdaşlarının Polşada, Çexiyada ingilis dilində çap olunmuş kitabları, ulu öndər Heydər Əliyev və Gəncə mövzusunda beş cildlik və s.), elektron formatda zəruri biblioqrafik resursları MEK-ə təqdim edib. Təqdim olunmuş elmi nəşrlər beynəlxalq biblioqrafik standartlara uyğun işlənilib, məlumat bazasında yerləşdirilib və sərgisi təşkil edilib. Sərginin interaktiv təqdimatı da nəzərdə tutulur. MEK rəhbərliyi və kollektivi AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyevə, bölmənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənova, eləcə də gəncəli alimlərə minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycanın, eləcə də Şərqin qədim elm və mədəniyyət mərkəzlərindən biri olmuş Gəncə görkəmli şəxsiyyətləri, mütəfəkkirləri ilə tanınıb.

Prezident İlham Əliyevin 2012-ci il 19 dekabr tarixli Sərəncamı ilə AMEA Gəncə Regional Elmi Mərkəzinin əsasında 7 institutun təmsil olunduğu Gəncə Bölməsi təsis edilib. Bölmənin elmi-tədqiqat müəssisələrində çalışan alimlər Azərbaycan elminin inkişafına mühüm töhfələr verirlər. Xüsusilə Gəncə-Qazax bölgəsinin təbii sərvətləri və sənayenin müxtəlif sahələrində onlardan səmərəli istifadə olunması, ekoloji problemlərin həlli, alternativ enerji mənbələrinin tədqiqi, bölgənin ədəbi-mədəni irsi, tarixi və etnoqrafiyası və s. istiqamətlərdə aparılan tədqiqatlar, əldə edilmiş elmi nəticələr, eyni zamanda, Azərbaycan və dünya elm tarixinə yazılmaqda olan yeni-yeni səhifələrdir. Bunlar ayrı-ayrı monoqrafiyalarda, kitablarda, elmi toplu, dərgilərdə, habelə elektron formatda işıq üzü görməkdədir.

Photogallery

1599738012422963881 1000x669