Cümə günü 18 Sentyabr 2020

Cəmiyyət

Gəncədə COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir

Sənubər Göyüşqızı - 13/08/2020

Sərt karantin rejiminin yumşalmasına baxmayaraq şəhərdə mütamadi olaraq maarifləndirmə tədbirləri keçirilir. Bu gün Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyevin, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyevin, Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayevin, Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədovun, polis idarəsinin əmkdaşlarının və rəsmi nümayəndələrinin iştirakı ilə şəhərin müxtəlif ərazilərində reydlər keçirilib. Reyd Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq tapşırığına əsasən reallaşıb.

Şəhər rəsmiləri iri market, mağaza və apteklərə baş çəkib, bazarlarda olublar. Sözügedən məkanlarda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə maraqlanıb, satıcı və alıcılarla profilaktik söhbət apararaq izahetmə işləri həyata keçiriblər.

Reyd zamanı bank və ATM-lərin qarşısında ictimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərlə də söhbətlər aparılıb. Onlara şəxsi mühafizə vasitələrindən və tibbi maskadan istifadənin, sosial məsafənin gözlənilməsinin, ictimai nəqliyyat vasitələrində quraşdırılmış dezinfeksiyaedici avadanlıqlardan istifadənin zəruriliyinin, gigiyenik qaydalara riayət olunmasının vacib olduğu bildirilib. Ölkə başçısının rəhbərliyi altında bu günə kimi pandemiya ilə mübarizədə görülən bütün işlərin kökündə vətəndaşların sağlamlığının qorunmasının dayandığı bir daha vurğulanıb. Dövlətin və onun rəhbərinin COVID-19-la mübarizədə gördüyü işlərə hər bir vətəndaşın dəstək olması qeyd olunub. Kimliyindən, vəzifəsindən asılı olmadan hər bir vətəndaşın bu məsələdə məsuliyyətli olması, əsl birlik, həmrəylik nümayiş etdirməsi söylənilib.

Xatırladaq ki, Gəncədə xüsusi karantin rejimi ilə əlaqədar keçirilən reydlər bundan sonra da davam etdiriləcək.

 

İdman

Təhsil