Bazar ertəsi 10 Avqust 2020

Cəmiyyət

Müşfiq Cəfərov: 'Pandemiya dövründə könüllülər hərəkatı daha geniş vüsət almağa başladı'

Sənubər Qocayeva - 10/07/2020

Azərbaycanda "Könüllülər ili" elan olunub. İlin 6 ayı ərzində koronavirus pandemiyası səbəbindən ölkəmizdə bir sıra beynəlxalq tədbirlər, idman yarışları təxirə salınıb. Lakin bununla belə bu dövrdə könüllülər ölkədə pandemiyaya qarşı mübarizədə hökumət qurumlarına dəstək fəaliyyəti həyata keçirib, müxtəlif şəhərlərdə maarifləndirmə işlərində yaxından iştirak edib.

Bununla bağlı danışan deputat Müşfiq Cəfərov bildirib ki, ölkəmizdə artıq könüllülük hərəkatı gənclərin fəaliyyət sahəsi deyil, birbaşa həyat tərzidir:

"Son dövrlərdə Azərbaycan iqtisadiyyatının əsas hərəkatverici qüvvəsi gənc nəsildən ibarətdir. Pandemiya iqtisadiyyata zərbə vurduğu kimi gənclərin fəaliyyətinə təsirsiz ötüşmədi. COVİD-19 koronavirus infeksiyasının yaratdığı çətinliklərə məruz qalan cəmiyyətin ən çox hissəsi gənclərdir. Buna baxmayaraq gənclər sosial izolyasiya dövründə dövlətin gördüyü bütün tədbirləri dəstəkləyib və həyata keçirilməsində fəal iştirak edirlər. Xüsusilə əhalinin xəstəliklə bağlı maarifləndirilməsində, qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin yerinə yetirilməsində fəaldırlar.

Pandemiya dövründə könüllülər hərəkatı daha geniş vüsət almağa başladı. Könüllülük prinsipi altında birləşən gənclər dövlət tərəfindən hazırlanmış sosial yardım paketlərinin aztəminatlı ailələrə çatdırılmasında, "Böyüklərimizi qoruyaq" şüarı ilə 65 yaşdan yuxarı tənha insanların zəruri ehtiyaclarının qarşılanmasında köməklik göstərir, vətəndaşlara tibbi ləvazimatların və metodiki vasitələrin paylanmasında yaxından iştirak ediblər".

Deputat qeyd edib ki, könüllülər "Biz birlikdə güclüyük" devizi altında regionlarda da fəaliyyət göstəriblər:

"Onlar Heydər Əliyev Fondu tərəfindən 200 mindən artıq yardıma ehtiyacı olan ailələrə ərzaq yardımları çatdırıblar. "Könüllü Qonşu" aksiyası çərçivəsində 44 şəhər və rayondan olan könüllülər tərəfindən küçələrdə və binaların giriş hissəsində təbliğat xarakterli elanlar yerləşdirilib. Bütün bunlara əsasən deyə bilərək ki, könüllü gənclər artıq nəinki beynəlxalq əhəmiyyətli tədbirlərdə, eləcə də bir sıra vacib ölkədaxili prosesərlərdə də ön sıralarda yer alırlar, dövlət qurumlarına dəstək verirlər. Ölkəmizdə artıq könüllülük hərəkatı gənclərin fəaliyyət sahəsi deyil, birbaşa həyat tərzidir".

Müşfiq Cəfərov vurğulayıb ki, karatin rejimi tətbiq olunan vaxtdan etibarən ölkəmizdə bir çox fəaliyyət sahələri işlərini onlayn şəkildə qurmağa başladı:

"Bununla da müasir texnoloji biliklərə yiyələnən gənclər öz məşğulluğunu davam etdirə bildi. Gənclərin iştirakı ilə bir sıra videokonfranslar keçirildi. Buna nümunə olaraq Yeni Azərbaycan Partiyasının və partiyanın Gəncə şəhər təşkilatının təşəbbüsü ilə pandemiya dövründə "Gənclərin asudə vaxtının səmərəli təşkili" mövzusunda onlayn tədbir təşkil edildiyini göstərə bilərik. YAP-ın Gəncə şəhər təşkilatının keçirdiyi və gənclərin də iştirak etdiyi daha bir onlayn videokonfransda isə postpandemiya dövründə ekologiya, turizm, təhsil və media ilə bağlı müzakirələr aparıldı. Bu cür fəaliyyətlərlə virtual gənclik deyimi formalaşmağa başladı, onlayn şəkildə virtual gəncliyin forumlarına start verildi. Bu forumlar aktiv könüllülər, ictimai birliklərin fəal üzvləri, Azərbaycan idman könüllüləri və digər təşkilatların gənc üzvlərinin iştirakı ilə reallaşır. Ölkə başçısının dəfələrlə qeyd etdiyi kimi, dövlət siyasətinin əsasını gənclər təşkil edir. Son zamanlar idarəetmədə olan dəyişikliklər də bu şüarın sözdə qalmadığını, əməldə yerinə yetirildiyini göstərir. Necə ki, pandemiya dövründə gənclərin fəaliyyətini təmin edən dövlət proqramları qəbul olundu, eləcə də postpandemiya dövründə gənclərin məşğulluğunun artırılması, təhsilinin yaxşılaşdırılması üçün dövlət layihələri nəzərdə tutulur.

Könüllülük insanları vahid məqsəd ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formasıdır. Könüllülük həm vətənpərvərlik məktəbi, həm də öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq örnəyidir. 2020-ci ili Cənab Prezident tərəfindən Azərbaycan Respublikasında "Könüllülər ili" elan edilməsi də gənc nəslə onun fəaliyyətinə olan diqqət və qayğıdan irəli gəlir".

Hadisə