Bazar ertəsi 28 Sentyabr 2020

Cəmiyyət

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi adından

GanjaNews - 06/06/2020

Biz, gənclər olaraq hər zaman möhtərəm cənab Prezidentin siyasətinin ətrafında birləşmişik və inanırıq ki, tarix boyu başı bəlalar görmüş ölkəmiz bu çətin günlərdən də keçəcək. Çünki qarşıda ölkəmizi daha gözəl günlər gözləyir!

Bildiyimiz kimi, dünyanı öz cənginə almış və böyük problemə çevrilmiş koronavirus pandemiyası bizim ölkədən də yan keçmədi. Virusun daha da təhlükəli hala çevrilməməsi üçün ölkə başçısı tərəfindən bir sıra sərəncamlar imzalandı.

Pandemiyanın törədə biləyəci fəsadların qarşısının tez bir zamanda alınması, müəyyən profilaktik, təxirəsalınmaz tədbirlərin görülməsi və ölkə üçün vacib olan qərarların qəbul edilməsi üçün Prezident İlham Əliyevin sərəncamına əsasən Nazirlər Kabinəti Yanında Operativ Qərargah yaradıldı. Operativ Qərargahın vaxtında elan etdiyi karantin rejimi nəticəsində pandemiyanın daha da çox yayılmasının qarşısını almaq mümkün oldu. Ölkəyə giriş-çıxış qadağası qoyuldu, daxili və xarici yükdaşımaları dayandırıldı. Karantin rejimi müddətində yoluxma və ölüm sayı digər ölkələrlə müqayisədə yetəri qədər aşağı idi.

Ölkədə koronavirus pandemiyasına qarşı mübarizənin daha da gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq modul tipli xəstəxanaların tikintisinə başlanıldə. Yoluxanların qısa müddət ərzində sağaldılması üçün bütün həkimlər gücləndirilmiş iş rejiminə cəlb olundu.

Prezident İlham Əliyev modul tipli xəstəxana kompleksinin açılışında iştirak edərkən qeyd etdi ki, koronavirusa qarşı mübarizədə bu xəstəxana və bundan sonra tikiləcək xəstəxanalar böyük rol oynayacaq: “Ölkəmizin müxtəlif bölgələrində 10 belə xəstəxananın tikintisi nəzərdə tutulur. Əlbəttə ki, çarpayı sayının artırılması hər bir ölkə üçün koronavirusa qarşı mübarizədə xüsusi rol oynayır. Azərbaycanda koronavirusa qarşı mübarizədə bizim təcrübəmiz hesab edirəm ki, ən mütərəqqi və ən insansevər təcrübədir. Çünki bizim bütün xəstələrimiz xəstəxanalarda yerləşdirilib və həkimlər onlara gecə-gündüz xidmət edirlər. Yeni xəstəxanaların tikintisi, əlbəttə, gələcəyə hesablanıb. Hazırda mövcud xəstəxana fondu bizim tələbatımızı ödəyir və 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin sərəncamına verilibdir, o cümlədən ən yeni və ən müasir 575 çarpayılıq “Yeni klinika”. Orada hazırda xəstələr müalicə olunurlar. Bu, gələcəyə hesablanmış düzgün addımdır, çünki heç kim bilmir pandemiya nə qədər davam edəcək, heç kim bilmir bunun gələcək mərhələləri nədən ibarət olacaq. Ona görə biz tam hazır olmalıyıq”.

Koronavirus pandemiyası ilə əlaqədar tibbi, xüsusilə də qoruyucu ləvazimatlara tələbatın kəskin artması səbəbindən bir sıra ölkələrdə bu sarıdan qıtlıq yaşanır. İstehsalçı ölkələr tibbi maska ilə yanaşı, istehsal avadanlığı və xammalın ixracını da saxlayıblar. İlk başlarda Azərbaycanda da bu sahədə müəyyən problemlər meydana çıxsa da qısa vaxt ərzində öz həllini tapdı.

Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısı əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşır. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldular.

Prezident İlham Əliyev: “Bildiyiniz kimi, koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq. Mən son illər ərzində yüzlərlə, bəlkə də mindən çox sənaye müəssisəsinin açılışında iştirak etmişəm, ancaq bu istehsalat sahəsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu gün Azərbaycanda istehsal olunan tibbi maskalar və dezinfeksiya vasitələri insanlarımızı qoruyacaq. Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin və buna nail olmaq üçün bütün tədbirlər görülür”.

Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir. Əgər hər bir kəs öz məsuliyyətini dərk edərsə və qaydalara ciddi əməl edərsə, pandemiyanın qarşısını almaq mümkün olacaq.

Prezident İlham Əliyevin ölkə daxilində pandemiyanın yayılmasının qarşısını almaq məqsədiylə apardığı qabaqlayıcı tədbirlər, pandemiyanın təsirinin azaldılmasına görə atılan addımlar və yuxarıda sadalananlar alqışalayiqdir. Biz, gənclər olaraq hər zaman möhtərəm cənab Prezidentin siyasətinin ətrafında birləşmişik və inanırıq ki, tarix boyu başı bəlalar görmüş ölkəmiz bu çətin günlərdən də keçəcək. Çünki qarşıda ölkəmizi daha gözəl günlər gözləyir!