Bazar ertəsi 28 Sentyabr 2020

Cəmiyyət

Koronavirusa qarşı tədbirlərin nəticə verməsi vətəndaşların sosial məsuliyyətindən bilavasitə asılıdır

Gülnar Fazilqızı - 05/06/2020

Azərbaycanın bu günədək əldə etdiyi bütün uğurların əsasında milli həmrəylik və xalq-iqtidar birliyi dayanır. Bu birlik və həmrəylik müxtəlif dövrlərdə ən mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyə, bütün sınaqlardan üzüağ, şərəflə çıxmağa imkan verib. Hazırda bütün dünya yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə aparır. COVİD-19la “müharibə”nin Azərbaycan cəbhəsində də gərgin “döyüş” gedir.

Fevral ayından Azərbaycana idxal olunan yeni növ koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlət və hökumət tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər görülüb və görülür. Pandemiyanın ilk günlərindən qəbul edilən qərarlar və tətbiq olunan məhdudiyyətlərin hamısı insanların sağlamlıqlarının qorunmasına, infeksiyanın yayılmasının qarşısının alınmasına və qısa zamanda yox edilməsinə yönəlib. Bununla belə görülən tədbirlərin nəticə verməsi vətəndaşların sosial məsuliyyətindən bilavasitə asılıdır.

Xəstəliklə mübarizə.

Martın 24-dən aprelin 20-dək Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Azərbaycanda xüsusi karantin rejimi elan edildi, kütləvi tədbirlər ləğv olundu, ölkəmizin quru sərhədləri bağlanıldı, şəhər və rayonlararası gediş-gəliş dayandırıldı. Xəstəliklə mübarizənin gücləndirilməsi məqsədilə xüsusi karantin rejimi mərhələli şəkildə sərtləşdirildi. Pandemiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının tapşırıqlarına uyğun olaraq bütün sahələr və istiqamətlər üzrə lazımi tədbirlər həyata keçirildi.

Bu müddət ərzində ölkə əhalisinin böyük bir hissəsi Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şuarını rəhbər tutaraq, milli həmrəylik nümayiş etdirdi və görülən tədbirlər müsbət nəticələr verdi. Həkimlərin tövsiyələri və statistik göstəricilərə əsaslanaraq, aprelin 27-dən Operativ Qərargah mərhələli şəkildə yumşaldılma tədbirlərinə başladı.

Təəssüflər olsun ki, son yumşaldılma tədbirləri zamanı vətəndaşlarımızın böyük bir hissəsi müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etmədi. Ola bilsin ki, statistik göstəricilərin müsbətə doğru dəyişməsi və xüsusi karantin rejiminin yumşaldılması əhali arasında, artıq COVİD-19 virusun yox olduğu fikrini formalaşdırdı.

Rəsmi məlumatların yalanlanması.

Əgər xatırlayırsınızsa ilin əvvəlində Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev rəsmi açıqlama verərək, ölkədə epidemioloji həddi aşan heç bir yoluxucu xəstəliyin qeydə alınmadığını bildirmişdi. Bu zaman bəziləri əllərində dəqiq məlumat olmadığı halda, yalan informasiyalarla camaatı qorxudub xofa salır, rəsmi məlumatların həqiqətə uyğun olmadığını iddia edirdilər. Ölkə ərazisində yeni növ  koronavirus infeksiyasına yoxluma faktlarının qeydə alınması ilə iddiaların forması da dəyişdi. Bu dəfə də insanlar arasında COVİD-19 infeksiyasının mövcudluğuna dair şübhə toxumları səpilməyə başlandı...

Tibbi maskalardan istifadə.

COVİD-19 infeksiyasının ölkə ərazisində yeni yayılmağa başladığı günlərdə vətəndaşların əksəriyyəti tibbi maskadan istifadəni zəruri sayırdı. Bunun nəticəsində hətta əczaxanaların qarşısında növbə və sıxlıq da yaranırdı. Qısa müddət ərzində bu problem də öz həllini tapdı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Azərbaycanda iki tibbi maska istehsalı müəssisəsinin açılışı oldu. Bundan sonra isə insanlar tibbi maskalardan istifadə etməməyə başladılar. Nə oldu? Tibbi maska qıtlığı aradan qalxan kimi, onlardan istifadə zərurəti dəmi yox oldu? Təbii ki, xeyr! Axı, TƏBİB rəsmisi Ramin Bayramlı qeyd etmişdi: “Biz virusla yaşamağı öyrənməliyik!”...

Məsafə saxla!

Təssüf doğuran digər bir məsələ isə bank, ATM və bənzəri yerlərdə növbə gözləyən vətəndaşlar aarsında 2 metrlik sosial məsafənin qorunmamasıdır. Bir çox yerdə bu məsələyə hələ də DİN əməkdaşları nəzarət edirlər.

Bu sadalananlar və sonuncu yumşaldılmadan sonra sərgilənən laqeyid yanaşma son günlər infeksiyaya yoluxanların sayını kəskin artırdı. Bu da daha sərt addımların atılmasını zəruri etdi.  Tibbi qərargahın müraciəti ilə Operativ Qərargah tərəfindən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejiminin tətbiqi ilə bağlı qərar qəbul edildi.

Qanun qarşısında hamı bərabərdir!

Unutmayaq ki, bu gün bütün dünya yeni növ koronavirus infeksiyası ilə mübarizə aparır. Azərbaycan höküməti də bu çətin sınaqdan az itkilərlə çıxmağa, vətəndaşlarını qorumağa çalışır. Vətəndaşların üzərinə düşən isə görülən tədbirlərə dəstək vermək, dövlət tərəfindən qəbul edilən qərarlar və tətbiq olunan məhdudiyyətlərə qeyd-şərtsiz əməl etməkdir.

Bir daha xatırladaq ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafəni gözləmək şərtilə tibbi  və parça maskalardan, respirator və sair vasitələrdən istifadə edilməlidir. Bu tələblərə əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əlavə olunmuş yeni 211.2-ci və 211.3-cü yarımbəndləri ilə məsuliyyətə səbəb olur.

Unutmayaq ki, qanun qarşısında hamı bərabərdir. Prezident İlham Əliyevin bir neçə gün əvvəl Tərtərdə bir sıra obyektlərin açılışda olarkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunəyə çevrilməlidir. Hər bir vətəndaş öz sosial məsuliyyətini hiss edərək, milli həmrəylik və birlik nümayiş etdirməlidir. Yalnız bu yolla bu çətin mübarizədən də qalib çıxaca bilərik.

Photogallery

02 +IMG 6042 95630568 2657540571018257 7560312248317509632 O