Cümə axşamı 13 Avqust 2020

Cəmiyyət

'Kölgə'də olanlar dövlət-biznes münasibətlərindən kənarda qalırlar

Gülnar Fazilqızı - 23/05/2020

“Kölgə” iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili hesab olunur. Bütün dünyada olduğu kimi, Azərbaycanda da “kölgə” iqtisadiyyatı və onun fəsadları ilə mübarizə aparılır. Bəs “kölgə” iqtisadiyyatı dedikdə ilk növbədə nə başa düşülür?

“Kölgə” iqtisadiyyatı dedikdə, iqtisadiyyatın dövlətdən və cəmiyyətdən gizlədilən hissəsi, eləcə də dövlətin nəzarət və uçot siyasətindən kənarda qalan hissəsi başa düşülür. “Kölgə” iqtisadiyyatı qanunla qadağan olunmayan, lakin vergilər başda olmaqla bəzi ödənişlərdən yayınmaq məqsədi ilə həyata keçirilən sahibkarlıq fəaliyyətidir. “Kölgə” iqtisadiyyatı yalnız vergilərdən yayınmaya şərait yaratmır, həm də haqsız rəqabətin yaranmasına və genişlənməsinə, leqal biznesin sıxışdırılmasına, dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəifləməsinə səbəb olmaqla? ölkənin iqtisadi təhlükəsizliyinə bir başa təhdidlər yaradır.

Bu amillər nəzərə alınaraq, Azərbaycanda da iqtisadi inkişafın mühüm amili kimi dəyənləndirilən şəffavlığın və hesabatlılığın səviyyəsinin yüksəldilməsi  istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Dövlət tərəfindən təkmil nəzarət və təşviqyönümlü mexanizmlər geniş tətbiq olunur. Bu tədbirlər “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına səbəb olur. Dövlət-biznes münasibətləri daha sağlam əsaslar üzərində qurulur, bütün sahələrdə maliyyə intizamı yaxşılaşdırılır.

Rəqəmlərin dili ilə desək, 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3% artaraq 1.4 mlrd. manatı üstələyəyib. Buna paralel olaraq, əmək haqqı fondu da “ağarıb”. 2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artıb ki, bu artımın da 99 mini özəl sektorun payına düşür. Ümumilikdə son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artıb.

Hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirləri həyata keçirilir. İnfeksiyanın yayılma sürətini yavaşlatmaq üçün iş yerlərinin və məkəblərin bağlanması, səyathət qadağaları, özünütəcrid və sair tədbirlər öz növbəsində iqtisadi inkişafın yavalşamasına səbəb olur. Burada isə öz növbəsində, iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılması məsələsi gündəmə gəlir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də məhz bu məsələlərin həllinə yönəlib.

Belə ki, pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində məqsədyönlü işlər aparıldı. Nəticədə mövcud iş yerləri nəinki qorundu, həmçinin “Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik (o cümlədən özəl sektorda 94 minə yaxın) artım oldu.  Beləliklə, pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundu.

Koronavirus dövrünün “acı nəticələri”ni nəzərə alaraq hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməlidir. Dövlətin biznesdən və əhalidən gözləntisi - fəaliyyətin tam şəffaflaşdırılmasıdır. Çünki dövlət tərəfindən iqtisadi sahələrə və əhaliyə nəzərdə tutulan güzəştlər təbii olaraq öz dövriyyəsini ağartmış subyektləri əhatə edir. Qeyri-formal fəaliyyət göstərənlər isə dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum olurlar. Son ayların təcrübəsi göstərdi ki, belə “işgüzar cəmiyyət” uzun müddət “kölgə”də olmaqla dövlətlə əməkdaşlıq imkanlarını itirdi və nəticədə dövlət-biznes münasibətlərindən kənarda qaldı. Bu səbəbdən də bütün güzəşt və stimullaşdırıcı tədbirlər yalnız dövlətlə əməkdaşlıq edən sahibkar və vətəndaşa şamil edilə bildi.

Bununla belə, Azərbaycan dövləti qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və “kölgə”də olan vətəndaşlarına da sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərdi və göstərir.

Pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğul vətəndaşlar təbii olaraq şəffaf olmayan gəlir mənbəyini itirmiş oldular. Belə bir vəziyyət dövləti əslində çətin seçim qarşısında qoydu. Lakin ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin edildi.

Aprelin 17-də Prezident İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı: “Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür” deyə vurğulayan cənab Prezident  bir daha dedi: “Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı. Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır.  Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin”.

Beləliklə, pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi nəzərdə tutuldu. Halbuki, şəffaf fəaliyyət göstərməklə dövlətin bütün maliyyə yardımından faydalanmaq və daha çox sosial yardım əldə etmək olardı. Belə ki, əmək qabiliyyətli ailə üzvünün formal sektorda işləməsi tələbi əsas şərtlərdən olan ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi pandemiya dövründə genişləndi, təkcə aprel ayında əlavə 12 min ailə (50 min ailə üzvü) də bu proqrama cəlb edildi və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir.

Digər tərəfdən, pensiya, müavinət və təqaüd alan 2 milyon şəxsə ödənişlərin davamlılığı təmin edildi. Sosial ödənişlər formal sektorda işləyən şəxslər üçün sosial dayaq və sosial müdafiə rolunda çıxış edir. Qeyri-formal sektorda çalışanlar isə qeyd olunan ödənişlərdən kənarda qalır.

Koronavirus təcrübəsi göstərdi ki, şəffaflıq sahibkarın və vətəndaşın gələcəkdə baş verə bilən bütün gözlənilməz təsirlərə hazırlıqlı olmasını təmin edir. Bütün bunlar nəzərə alınaraq, iqtisadi fəaliyyətdə məsuliyyət və nizam-intizama üstünlük verilməli, bu birlik post-koronavirus dövründə də davam etdirilməlidir.

Hadisə