Cümə axşamı 6 Avqust 2020

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: 'Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək'

Sənubər Qocayeva - 18/05/2020

Bu gün demokratiya yolu seçmiş hər bir ölkə korrupsiya ilə mübarizə aparır. Respublikamızda korrupsiyaya qarşı mübarizə qanunçuluq prinsipləri əsasında həyata keçirilir. Şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi korrupsiyaya qarşı mübarizənin əsas prinsipləri kimi təsbit edilmişdir.

Respublikamızda korrupsiya ilə mübarizə sahəsində böyük siyasi iradə mövcuddur. Keçirilən sosial-iqtisadi islahatlar nəticəsində qazanılan uğurların davamlılığı korrupsiyaya qarşı mübarizə sahəsindəki tədbirlərin önəmini daha da artırmaqdadır. Bütün sahələrdə şəffaflıq prinsipinin, maliyyə intizamının gücləndirilməsi, eləcə də korrupsiya hallarına qarşı digər mübarizə tədbirlərinin genişləndirilməsi də məhz bu reallıqla şərtlənir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılıb, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sosial təminatı sahəsində idarəetmənin təkmilləşdirilməsində, ünvanlılığın və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlər əldə edilib.

Ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə, əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində zaman-zaman məmur adına ləkə salanlar ifşa olunub, ədalət mühakiməsi qarşısına çıxarılıblar. Lakin təəssüflə qeyd edilməlidir ki, bu gün Prezidentin xəbərdarlıqlarından nəticə çıxarmayan, ona göstərilmiş etimaddan öz maraqları və tamahı üçün sui-istifadə edən məmurlara rast gəlinir. Ən acınacaqlısı isə odur ki, belə məmurlar aparılan islahatlara kölgə salmaqla yanaşı, dünya bəlasına çevrilmiş koronavirusla mübarizə zamanı da üzərlərinə düşən vəzifələrin məsuliyyətini anlamayaraq, bu prosesdən öz maraqları üçün istifadə edirlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala, İmişli rayonlarının icra başçılarının əməlləri göstərdi ki, bu adamlar yol verdikləri korrupsiya hərəkətləri ilə tək onlara bəslənən etimada deyil, Prezidentə və xalqa xəyanət ediblər.

Təəssüf ki, öz məsuliyyətini anlamayanlar arasında icra başçıları ilə yanaşı müxtəlif vəzifə sahiblərinə və öz vəzifəsinin nədən ibarət olduğunu bilməyən bələdiyyə sədrlərinə də rast gəlinir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Mədəniyyət Nazirliyində həyata keçirilən əməliyyat nəticəsində nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramovun və nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri aşkar edilmişdir. Həmin şəxslər təqsirləndirilərək barələrində həbs qəti imkan tədbiri seçilmişdir. Bu cür neqativ hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanır və qınanılır.

Öz əməlləri ilə Prezidentə, xalqa və vəzifəsinə xəyanət edənlər mütləq layiqli cəzalarını alacaqlar.

Rəfiqə Sadıqova

"Gəncəni səsi" qəzetinin baş redaktoru

 

Hadisə