Cümə günü 15 Yanvar 2021

Elm

Akademik Fuad Əliyev: 'Gəncə üsyanının 100 illiyi münasibətilə yeni monoqrafiya hazırlanır'

Gülnar Fazilqızı - 17/04/2020

AMEA-nın Gəncə Bölməsinin əməkdaşları xüsusi karantin rejimi dövründə elmi tədqiqat işlərini məsafədən davam etdirirlər. Bölmə və AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən tədqiqat işləri müştərək olaraq həyata keçirilir.

Bu barədə müsahibəsində məlumat verən Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bildirib ki, hazırda Azərbaycanın qəhrəmanlıq tarixinin görkəmli şəxsiyyəti, Gəncənin sonuncu xanı Cavad xana həsr edilmiş monoqrafiyanın hazırlanması və nəşrə təqdim olunması istiqamətində Əlyazmalar İnstitutunun əməkdaşları ilə birgə son tamamlanma işləri, korrektə və redaktə fəaliyyəti onlayn rejimdə həyata keçirilir.

Onun sözlərinə görə, bu kitabda Cavad xanın mənsub olduğu şəcərənin tarixi, onun həyat və fəaliyyəti, Gəncə xanlığınına dair çoxsaylı elmi məlumatlar, tarixi faktlar toplanılıb.

Akademik F.Əliyev qeyd edib ki, bu il Azərbaycan xalqının qəhrəmanlıq və igidlik səlnaməsinin ən parlaq səhifələrindən biri olan, kommunist özbaşınalığına son qoymaq məqsədilə 1920-ci ildə həyata keçirilmiş Gəncə üsyanın 100 ili tamam olur.

Xalqımızın müstəqillik səlnaməsi olan bu tarixi üsyanın səbəbləri və tarixi əhəmiyyətinin elmi cəhətdən kifayət qədər araşdırılmadığını söyləyən bölmə sədri bununla bağlı yalnız bir neçə məqalə və monoqrafiyanın çap olunduğunu, mətbuatda informasiya xarakterli məlumatların verildiyini diqqətə çatdırıb. “Bölmədə Gəncə üsyanının tarixi köklərinin elmi əsaslarla araşdırılması, xalqımızın qəhrəmanlıq mübarizəsi tarixində onun yeri və rolunun hərtərəfli tədqiq edilərək yeni bir monoqrafiyanın çap olunması nəzərdə tutulur”, – deyə F.Əliyev bildirib. O, kitabın müəllifi, bölmənin Diyarşünaslıq İnstitutunun şöbə müdiri, professor Həsənbala Sadıqov tərəfindən onun ərsəyə gəlməsi məqsədilə geniş tədqiqat işlərinin həyata keçirildiyini, xeyli materialların toplandığını və tarixi üsyanla bağlı bir sıra tədqiqatçılarla məsləhətləşmələrin aparıldığını bildirib.

F.Əliyev əlavə edib ki, Gəncə üsyanının 100 illiyi münasibətilə nəşrə hazırlanan bu kitab Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dərindən tədqiq olunmasına, Azərbaycan tarixinin daha dərindən öyrənilməsinə və tədqiqinə sanballı töhfə olacaq.