Cümə günü 15 Yanvar 2021

Elm

ADAU-nun əməkdaşları fermerlərin yanındadırlar

Surxay Məmmədzadə - 12/04/2020

Dünyanı öz cənginə alan koronovirus bəlası artıq bir çox sahələri iflic vəziyyətə salıb. Hazırki vəziyyət aqrar sahədə çalışanların işinə də müəyyən qədər problemlər yaradır. Mövcud situasiyada Azərbaycan Dövlət Aqrar Universitetinin alimləri fermer və sahibkarların yanındadırlar. Fermerlərə dəstəyini əsirgəməyən mütəxəssislər aqrar məsləhət xidmətinin nəzdində yaradılan xüsusi qrup vasitəsilə təsərrüfat sahiblərinə onlayn formada tövsiyyələr verirlər.

ADAU kənd təsərrüfatı məhsullarının istehsalıyla məşğul olaraq ölkənin ərzaq təhlükəsizliyini təmin edənlər üçün xidmət imkanlarını genişləndirib. Artıq fermer və sahibkarlar qarşıya çıxan bütün problemlərlə bağlı telefon bağlantısı və ya onlayn formada məsləhət ala bilərlər. Xidmət həftənin 7 günü səhər saat 9-dan axşam 9-dək aktivdir.

ADAU-nun “Bağçılıq” kafedrasının müdiri Hüseyn İdrisov Kəpəz Tv-yə bildirib: "Siz inanın ki, gün ərzində təkcə mənə bəlkədə 20-30 nəfərdən artıq insan zəng edir, müəyyən məsləhətlər istəyir. Elə məsələlər var ki, biz onu telefon vasitəsilə həll edirik, amma elə məsələlər var ki, yerində baxmaq, ora getmək mütləqdir".

Fermerlər, kənd təsərrüfatı məhsullarının istehsalçıları və fərdi təsərrüfat sahibləri bitkilərin becərilməsi, heyvanların saxlanması, müalicəsi istiqamətində qarşılaşdıqları bütün çətinliklərlə bağlı müraciət edib, dərhal cavab ala bilərlər. Onlayn söhbətlər zamanı təsərrüfat sahiblərini daha çox maraqlandıran müraciətlərə gəldikdə isə... 

"Xəstəlik zərərvericiləri və məhsulun becərilməsində qarşıya çıxan problemlərlə bağlı məsələləri çox maraqlanırlar. Bir də görürsən yazırlar ki, bizim meyvənin üzərində alabəzəklik yarandı, çatlar oldu, məhsullar xırdadır və yaxud çiçəklər tökülür. Bax bu problemlərin əksəriyyəti aqrotexniki əməliyyatların düzgün aparılmamasıyla bağlıdır. Bir də görürsən deyirlər ki, müəllim, meyvədə müəyyən qırışlar oldu. Gedib yerində baxanda görürsən ki, mühit, şərait orda tam özünü doğrultmur. Ya nəmlik yüksəkdi, ya temperatur və yaxud tamam əksinə", - Hüseyn İdrisov bildirib.

Universitetin aqrar məsləhət xidməti ötən ildən fəaliyyət göstərir. Müxtəlif sahə alimlərindən ibarət böyük qrup təsərrüfat sahiblərinə həm açıq, həm də qapalı şəraitdə becərilən bitkilərin əkini, onlara qulluq texnologiyası, kütləvi məhsul yığımı və digər mövzularla bağlı tövsiyələr verir. Mövcud vəziyyətdə isə müraciətlər telefon bağlantısı və ya onlayn formada həyata keçirilir.

Məqaləyə dair videomaterialı keçid linki vasitəsi ilə izləyə bilərsiz: ADAU-nun əməkdaşları fermerlərin yanındadırlar

Ətraflı məlumat üçün: http://adau.edu.az/news/adau-emekdaslari-fermerlerin-yaniinda