Bazar ertəsi 30 Mart 2020

Elm

Gəncə üsyanının 100 illiyi ilə bağlı yeni tədqiqat əsəri nəşrə hazırlanır

Sənubər Qocayeva - 19/03/2020

Gəncə şəhərində 1920-ci ildə kommunist özbaşınalığına qarşı baş vermiş üsyanın 100 ili tamam olur. Gəncə üsyanının tarixi köklərinin elmi əsaslarla araşdırılması, xalqımızın qəhrəmanlıq mübarizəsi tarixində onun yeri və rolunun hərtərəfli tədqiq edilərək yeni bir monoqrafiyanın çap olunması nəzərdə tutulur.

Kitabın müəllifi Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun şöbə müdiri, professor Həsənbala Sadıqov yeni nəşrin ərsəyə gətirilməsi məqsədilə geniş tədqiqat işləri aparıldığını, arxivlərdə işlədiyini, xeyli materiallar topladığını və bu tarixi üsyanla bağlı bir sıra elmi işçilərlə məsləhətləşmələr apardığını bildirib. Qeyd edib ki, Gəncə üsyanının 100 illiyi münasibətilə nəşrə hazırlanan bu kitab Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalqımızın qəhrəmanlıq mübarizəsi salnaməsinin daha bir səhifəsinə işıq salmaqla, tariximizin dərindən öyrənilməsinə və tədqiqinə sanballı töhfə olacaq.

Üsyan 2020-ci il mayın 25-dən 26-na keçən gecə başlayıb. Qırmızı ordu hissələri qısa müddətdə şəhərin mühüm məhəllələrini nəzarətə götürüb. Buna baxmayaraq mayın 29-da üsyançıların əks-hücumları bolşevikləri ağır vəziyyətə salıb və onlar böyük itki veriblər. Ağır məğlubiyyətdən sonra Qırmızı ordunun komandanlığı Gəncəyə xeyli əlavə qüvvə gətirib və yenidən hücuma keçib. Mayın 31-də gərgin və qeyri-bərabər döyüşdə Gəncə üsyanı yatırılıb, şəhəri tərk etmək imkanı olmayan üsyançılar və dinc əhali mühasirəyə alınaraq kütləvi şəkildə güllələnib. Gəncə üsyanın səbəbləri, tarixi əhəmiyyəti elmi cəhətdən araşdırılmayıb, yalnız bir necə məqalə və monoqrafiya dərc olunub, mətbuatda informasiya xarakterli məlumatlar verilib. Bolşevik hakimiyyəti Azərbaycanda bərqərar olduqdan sonra bu tarixi faktlar bilərəkdən unutdurulub, bu barədə danışanlar və yazanlar cəzalandırıldığı üçün tam tədqiq olunmayıb və həqiqi qiymətini almayıb.

Hadisə