Cümə axşamı 1 Oktyabr 2020

İqtisadiyyat

AYİB: 'Gəncədə ilk investisiya layihəsinin icrası üzrə danışıqlar aparılır'

GanjaNews - 13/03/2020

Avropa İnkişaf və Yenidənqurma Bankı (AYİB) və Gəncə şəhərinin rəhbərliyi tərəfindən şəhər üzrə ilk investisiya layihəsinin müəyyənləşdirməsi istiqamətində işlər aparılır. Bunu AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım İvana Duarte deyib.

Onun sözlərinə görə, AYİB-in tələblərə əsaslanan bir qurumun olmasını nəzərə alaraq, Gəncədə infrastrukturun yenilənməsi layihələrinin maliyyələşdirməsinin həcmi şəhərin ehtiyaclarına uyğun olaraq təyin olunacaq.

"İşlərə bu həftə başlanıb və hazırda küçələrin işıqlandırması, şəhər nəqliyyatının və bərk məişət tullantılarının idarə edilməsi kimi məsələləri özündə birləşdirən bir sıra imkanlar nəzərdən keçiririk", - deyə İ. Duarte bildirib.

Qeyd edək ki, ötən həftə Gəncə şəhəri və AYİB Gəncə şəhərində təkmilləşdirmələrlə bağlı birgə fəaliyyətə dair razılığa gəlib. Bank şəhərdə infrastrukturun yenilənməsi layihələrini maliyyələşdirməyə hazırdır. Azərbaycanın qərbində yerləşən Gəncə bankın investisiya qoyduğu ölkələrdə 40 şəhərin inkişafına dəstək olmuş AYİB-in uğurlu şəhər dayanıqlılıq proqramına qoşulmaqda maraqlıdır. Proqramın tərkib hissəsi kimi, AYİB ətraf mühit problemlərinin aşkar edilməsi, prioritetləşdirilməsi və həlli üçün "Yaşıl Şəhər" üzrə Tədbirlər Planının işlənib hazırlanmasında Gəncə şəhərinə kömək edəcək. Bank həmçinin şəhərin küçə işıqlandırma sisteminin, şəhəri nəqliyyatı, su və çirkab su ilə bağlı xidmətlərin, bərk tullantıların idarə edilməsi, mərkəzi istilik sistemi və bərpa olunan enerji infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi ilə bağlı layihələri maliyyələşdirməyə hazırdır.

Xatırladaq ki, AYİB Azərbaycanda aparıcı institusional investorlardan biridir. İndiyədək AYİB Azərbaycanda 168 layihəyə 3,3 mlrd. avro investisiya qoyuluşu edib. Bank həmçinin yerli kiçik və orta sahibkarlıq müəssisələrinə biznes məsləhət xidməti göstərir və mindən artıq şirkətin öz göstəricilərini yaxşılaşdıraraq inkişafına yardım edib.