Bazar ertəsi 30 Mart 2020

Mədəniyyət

Bu gün 'Gəncənin səsi' qazetinin baş redaktoru Rəfiqə xanım Sadıqovanın doğum günüdür

Sənubər Qocayeva - 04/03/2020

Bu gün sadəliyi və səmimiliyi ilə seçilən "Gəncənin səsi" redaksiyasının baş redaktoru, peşəkar jurnalist, yazıçı Rəfiqə Sadıqovanın ad günüdür. Yazılarında daim üslub rəvanlığı, forma mükəmməlliyi, faktların dəqiqliyi ilə seçilən Rəfiqə xanım istər iqtisadiyyat, istər mədəniyyət, istərsə də elm və təhsillə bağlı xəbərləri eyni peşəkarlıqla, eyni həvəslə işləyib, oxucuya təqdim edir.

Sadıqova Rəfiqə Yusif qızı 1949-cu il martın 4-də Ağdam rayonunda anadan olub.1971-ci ildə BDU-nun (keçmiş ADU) jurnalistika fakültəsini bitirib.1976-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1996-cı ildən Yazıçılar Birliyinin üzvüdür. 1982-ci ildə Jurnalistlər Birliyinin “Qızıl qələm” , Həsən bəy Zərdabi mükafatlarına layiq görülüb.

1970- ci ildə Gəncə şəhər İcra Hakimiyyətinin orqanı olan və bu il 100 yaşı tamam olan “Gəncənin səsi” (“Kirovabad kommunisti”) qəzetində sıravi müxbir kimi işə başlayıb.  Rəfiqə xanım Sadıqova bu qəzetdə müxtəlif illərdə şöbə müdiri, baş redaktorun müavini vəzifələrində çalışıb, hazırda isə sözü gedən qəzetinin baş redaktorudur.

Bundan başqa Rəfiqə Sadıqova dövrü mətbuatda vaxtaşırı bədii və publisistik yazıları ilə çıxış edir. Yaradıcılığında əsasən mənəvi-psixoloji problemlərə üstünlük verir. Çoxsaylı sənədli hekayə, povest və publisist məqalələrin, habelə,   "Gecikmiş etiraf",“Dünya beş günlük deyil…”, “İkinci toy” və “Nigaran qalacağam” roman və hekayələrin müəllifidir. Rəfiqə Sadıqovanın «Gecikmiş etiraf» və «Lalə əfsanəsi» hekayələri ingilis dilinə tərcümə edilərək Amerika oxucularına təqdim edilib. 

2004-cü ildə Ankara Ticarət odası və erməni araşdırmalar mərkəzinin təşkil etdiyi Beynəlxalq simpoziumda iştirak edib və onun Xocalı soyqırımından bəhs edən məruzəsi simpoziumun xüsusi buraxılışında dərc olunub. 90-cı illərin əvvəllərində isə Rəfiqə xanım Sadıqovanın təşəbbüsü ilə "Tomris" Qadınlar Cəmiyyəti fəaliyyətə başlayıb. 

“Qızıl qələm”, “Həsən bəy Zərdabi” Ali ədəbi mükafatları laureatı, “Tərəqqi” medallı, Prezident Mükavatçısı, Ali Media Mükafatçısı olan Rəfiqə xanım Gəncə şəhərinin ictimai-siyasi həyatında da fəal iştirak edir. 

GanjaNews.az kollektivi olaraq, publisist-yazıçı, peşəkar jurnalist və yaradıcı ziyalı Rəfiqə Sadıqovanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı, yorulmaz fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.

 

 

Photogallery

53142695 1592920960811527 5940496106071785472 N Rafiqa Unnamed 8b797e3e797a069f93dfc8ad5f3482c9

Hadisə