Cümə axşamı 4 İyun 2020

Mədəniyyət

'Gəncənin səsi' -100 il!

Sənubər Qocayeva - 13/02/2020

«Biz fəxr edə bilərik ki, Milli Mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir» – Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu müdrik sözlərini «Gəncənin səsi» qəzetinə də şamil etmək olar. Yola saldığımız günlər bizi gəncəlilərin sevimli mətbu nəşri olan, adı 7 dəfə dəyişdirilən, bir əsrdə 3 dəfə əlifba dəyişikliyinə məruz qalan «Gəncənin səsi» qəzetinin 100 illik yubileyinə yaxınlaşdırır.

Bir əsrlik fəaliyyəti dövründə qəzet müxtəlif dönəmlərdə başqa-başqa adlarla, müxtəlif şəxslərin redaktorluğu ilə işıq üzü görüb, Gəncənin 100 illik salnaməçisi olub. Vətənpərvər, fədakar insanların əldə etdikləri nailiyyətlərdən, şəhərin boy artımından, ölkənin ikinci sənaye və mədəniyyət mərkəzinin inkişafından, onun perspektivlərindən tarixi salnamə yaradıb.

Arxivdəki saralmış qəzet səhifələrini vərəqlədikcə ötən illərə qayıdır, həmkarlarımızın şahidi olub, yazdıqları tarixi sanki yenidən yaşayırıq.

Yubileyə qədərki tədbirlər çərçivəsində Sizinlə birlikdə ötən illərə nəzər salacaq, şəhərimizin irəliyə doğru addımlarını, inkişafını izləyəcək, müxtəlif rubrikalarla, maraqlı yazılarla ötənləri xatırlayacağıq.

Beləliklə, ««Gəncənin səsi»nin arxivindən» rubrikasını Sizə təqdim edirik.

 

Yeni binada

 

Əzizbəyov küçəsində məişət xidməti kombinatı üçün 2 mərtəbəli binanın inşası başa çatdırılmışdır.

Kombinatda saat, ayaqqabı təmiri, foto, ütü, fərdi paltar tikişi, bərbərxana, kimyəvi paltar təmizləmə emalatxanaları olacaqdır. 

***

Azərbaycan Kənd Təsərrüfatı institutunda dövlət imtahanı başlamışdır. Üzümçülük və meyvə-tərəvəzçilik fakültəsində siyasi ixtisas \fənnindən olan dövlət imtahanı müvəffəqiyyətlə keçmişdir. İmtahan verən 81 nəfər tələbədən 21-i «əla», 27-si «yaxşı», 33 nəfəri isə «kafi» qiymət almışdır.

15 yanvar 1953-cü il.

 

Mənzilləri istifadəyə verilmişdir

 

Şəhərimizdə evlərə qaz çəkilməsi işi sürətlə davam edir. İndiyədək 928 evdə maye qazdan istifadə etmək üçün plitə və soba qoyulmuşdur. 980-dən artıq isə təbii qazdan istifadə etmək üçün qaz kəməri çəkilmişdi.   

29 yanvar 1959-cu il.

Mədəniyyət evi istifadəyə verildi

 

Nizami adına Üzümçülüq sovxozunda yeni tikilmiş yaraşıqlı mədəniyyət evi bu günlərdə istifadəyə verilmişdir. Mədəniyyət evinin açılışına yüzlərlə üzümçü gəlmişdi. Mədəniyyət evi bundan sonra üzümçülər üçün mənalı və mədəni istirahət ocağı olacaqdır.

5 yanvar 1960-cı il 

Avtomobil zavodu işə düşdü

 

Kirovabad şəhərinin kənarında Azərbaycanın ən iri müəssisələrindən biri olan Avtomobil təmiri zavodunun korpusları tikilmişdir. Burada əsaslı təmir işlərindən əlavə müxtəlif markalı avtomobillərin ayrı-ayrı hissələrini  və banlarının qayrılması işləri də qaydaya salınır. Yeni zavod ildə 1000 yük avtomobilini təmir edəcəkdir.

9 yanvar 1960-il 

1962-ci ilin tikintiləri

 

1962-ci ildə Alüminium zavodu inşaatçıları qəsəbəsindəki 11 illik məktəb və 140 yerlik uşaq bağçası, Oktyabr və Dəmiryolçular qəsəbələrində hərəsi 90 yerlik uşaq bağçası tikilib istifadəyə veriləcəkdir. Bundan başqa bir sıra ticarət obyektləri, o cümlədən müasir stildə 7 yeyinti və sənaye malları mağazası, 2 məişət xidməti binası tikiləcəkdir.

Bu il şəhərdə iri panellərdən ev tikən zavod ilk dəfə məhsul buraxacaqdır. Tikilməkdə olan xalça fabrikinin və alüminium zavodunun da bu il istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı cari ildə Oktyabr prospektinin Vağzal rayonundakı köhnə evlərin sökülüb yenidən tikilməsinə, alüminium zavodu inşaatçılarının və Toxucuların qəsəbələrində hərəsi 600 nəfərlik kinoteatrın və yaşayış mikrorayonlarının tikintisinə başlanacaqdır.

Şəhərdə pianino fabrikinin və şəhər yeyinti kombinatının işlərinə də başlanacaqdır.

1 yanvar 1962-ci il. 

Faktlar və rəqəmlər

 

Şəhərin mərkəzində Azərbaycanda ən böyük kinoteatrlardan birinin – geniş formatlı kinoteatrın bünövrəsi qoyulmuşdur. Binanın layihəsində müasir arxitektura elementləri milli memarlıq motivləri ilə üzvi surətdə birləşir. Kinoteatr şəhərimizə yaraşıqlı bir görkəm verəcəkdir.

***

Öz böyüklüyünə görə respublikamızda 2-ci böyük ticarət müəssisəsi olan 5 mərtəbəli «Gəncə» univermağı işə salınmışdır. Univermağın 40 müxtəlif şöbəsi vardır. 200 nəfərə yaxın satıcı, qulluqçu, iqtisadçı, fəhlə və digər peşə sahibi çalışır.

Bunlar 1967-ci ildə olmuşdur.

1 yanvar 1968-ci il. 

Faktlar və rəqəmlər

 

Şəhərimizdə 15 mindən artıq təqaüdçü vardır. 1968-ci ilin 11 ayı ərzində onlara 5.2 milyon manata yaxın təqaüd verilmiş və yardım göstərilmişdir. Şəhərimizdə 38 uşaq bağçası vardır. Bu bağçalarda isə 4500 nəfərədək uşaq tərbiyə alır. 1968-ci ildə 2 yeni məktəb və 2 yeni uşaq bağçası istifadəyə verilmişdir.

S.Orconikidze adına Toxuculuq kombinatında, Pambıq təmizləmə zavodunda, S.Ağamalıoğlu adına AKTİ-də, digər müəssisə və təşkilatlarda uşaq tərbiyə ocaqları şəbəkəsi yaradılmışdır.

1 yanvar 1969-cu il. 

Daha bir yaşayış evi

 

100 nömrəli tikinti-quraşdırma qatarının kollektivi 5 mərtəbəli yaşayış evinin tikintisini başa çatdırmışdır. Siqnal küçəsində ucaldılan binada 50 mənzil vardır.

Dövlət komissiyası yeni binanın istifadəyə verilməsi barədə aktı imzalamışdır. Dəmiryolçular yaxın günlərdə yeni evlərə köçəcəklər.

11 yanvar 1969-cu il.

 Yeni bir uşaq bağçası

 

Şəhərimizdə daha bir uşaq bağçasının tikintisi başa çatdırılmışdır. Obyektin istifadəyə verilməsi barədə akt imzalanmışdır. Yeni uşaq bağçası şəhərimzin Vağzalyanı rayonunda inşa olunmuşdur. Geniş otaqlardan birində yeməkxana təşkil olunacaqdır. Başqa bir otaqda isə oyuncaqlar qoyulacaqdır. Rəsm həvəskarları barədə də düşünülmüşdür. Onlar üçün xüsusi məşğələ otağı ayrılacaqdır.

16 yanvar 1969-cu il.

Yeni institut

 

Azərbaycan Texnologiya İnstitutu, Yüngül Sənaye, Yeyinti Məhsulları Sənayesi və başqa sənaye sahələri, ictimai iaşə müəssisələri mütəxəssisləri hazırlamaq vəzifəsini  üzərinə götürmüşdü\r. Respublikanın yeni, 18-ci ali mək­təbi – bir sıra institutların yerli filialları əsasında təşkil edilmiş bu ali məktəb 10-dan artıq profil üzrə mühəndis-texnoloqlara təlim verməyə başlamışdır.

İnstitutun yaradılması iqtisadiyyatın ənənəvi sahələrinin genişləndirilməsi və yeni sahələrin meydana çıxması isə Azərbaycanın kənd təsərrüfatını intensiv inkişaf etdirmək tələbləri ilə əlaqədardır.

7 yanvar 1981-ci il

Yeni fakültə

 

S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda bitki mühafizəsi üzrə kadrlar hazırlayan yeni fakültə yaradılmışdır. O, əvvəllər burada fəaliyyət göstərmiş eyni adlı şöbənin əsasında təşkil edilmişdir. Fakültənin 1-ci kursunda 75 nəfər gənc təhsil alır. Onlar kənd təsərrüfatı bitkilərinin xəstəliklərinə və ziyanvericilərinə qarşı kimyəvi və bioloji mübarizə üsullarının əsaslarına yiyələnəcəklər. Fakültə nəzdində bir neçə kafedra təşkil olunacaqdır.

                                                                                                                                                                                             

7 yanvar 1981-ci il

Qeyd edək ki, "Gəncənin səsi” qəzeti respublikamızda çap olunan ən qocaman mətbu orqanıdır. İlk sayı 1920-ci ilin may ayında işıq üzü görən qəzet Məmməd Kazım Ələkbərlinin redaktorluğu ilə “Qırmızı Gəncə” adı ilə işıq üzü görüb. Daha sonra nəşrin redaktoru dəyişdirilərək Balabəy Həsənbəyov, məsul katibi Cəfər Bağır təyin edilib. Böyük qəzetçi olan bu şəxslər təəsüflər olsun ki, sonralar represiya qurbanı olublar. Yarandığı gündən öz dəst-xətti ilə Azərbaycanda həm milli mətbuatın inkişafına, həm də maarifçilik ənənələrinin yayılmasına layiqli töhfələr verən qəzet müxtəlif illərdə “Zərbə”, “Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Gəncə kommunisti”, “Kirovabad komnisti” adı ilə çap olunsa da 1990-cı ildən “Gəncənin səsi” adı ilə oxucuların görüşünə gəlir. Hazırda qazetin baş redaktoru “Qızıl qələm”, “Həsən bəy Zərdabi” Ali ədəbi mükafatları laureatı, “Tərəqqi” medallı, Prezident Mükavatçısı, Ali Media Mükafatçısı və ən nəhayət peşəkar jurnalist Rəfiqə xanım Sadıqovadır. 

 

 

 

Photogallery

Refiqe Sadqova

Hadisə