Bazar günü 16 Fevral 2020

İqtisadiyyat

Prezident İlham Əliyev: 'Gəncə-Gürcüstan sərhədi dəmir yolunun sürətinin artırılması nəzərdə tutulur'

GanjaNews - 04/02/2020

"Dəmir yolunun bərpası və çəkilişi ilə bağlı. Gəncə-Gürcüstan sərhədi dəmir yolunun sürətinin artırılması nəzərdə tutulur. Bakı-Gəncə dəmir yolunun çəkilişi tamamilə başa çatıb. Mən o vaxt Gəncədə olarkən söz vermişdim ki, bu, təmin ediləcək".

"Elə də oldu. İndi çox rahat, sürətli qatarla Bakıdan Gəncə şəhərinə getmək olar. İndi sərhədə qədər bu dəmir yolunun bərpası başa çatdırılmalıdır. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Yalama dəmir yolunun yenidən qurulması gündəlikdədir. Bununla yanaşı, Xudatdan Şahdağa dəmir yolunun çəkilişi nəzərdə tutulur. Şahdağ dağ-xizək kurortu indi nəinki MDB məkanında, dünyada tanınır. Bunun ikinci mərhələsi işə düşəndən sonra maraq daha da artıbdır. Ona görə mütləq bu kurorta dəmir yolu çəkilməlidir. Bu, həm bölgədə yaşayan vətəndaşlara, xarici qonaqlara və Bakı sakinlərinə rahatlıq gətirəcəkdir. Artıq müvafiq Sərəncam da verilib və vəsait də ayrılıb".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.

"Ələt-Astara dəmir yolunun yenidən qurulması və yolun marşrutunun dəyişdirilməsi, sahildən kənarlaşdırılması üzərində iş aparılır. Bu il vəsait də nəzərdə tutulur. Bu il şəhərlərarası dəmir yolları arasında Ləki-Qəbələ dəmir yolunun fəaliyyətə başlaması nəzərdə tutulur. Giriş sözümdə dediyim kimi, Bakıətrafı, Bakı qəsəbələrinə gedən dəmir yolunun davam etdirilməsi nəzərdə tutulur”, - dövlət başçısı əlavə edib.