Çərşənbə axşamı 25 Fevral 2020

Cəmiyyət

Valeri Boqdanovun ailəsi ziyarət olunub

Sənubər Qocayeva - 18/01/2020

20 yanvar faciəsinin 30-cu ildönümü ərəfəsində gəncəli şəhid Valeri Boqdanovun ailəsi Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələri tərəfindən ziyarət edilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Kəpəz Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban Rzayev, Kəpəz Rayon Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev, bir qrup dəmiryolçu və KİV nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidin əziz xatirəsini yad edib, dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Vəfa Abbasova Valeri Boqdanovun anası Valentina Boqdanovaya şəhər rəhbəri Niyazi Bayramovun salamlarını çatdırıb, ona başsağlığı verib. O bildirib ki, 30 il bundan öncə xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılan 20 Yanvar hadisəsi Azərbaycan tarixində bir qəhrəmanlıq səhifəsidir. Bu yolda qəhrəmancasına şəhidlik zirvəsinə ucalanlardan biridə məhz Valeri Boqdanovdur. Şəhidlərin xatirəsini əziz tutmaq, yaşatmaq isə hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.

Valentina Boqdanova gələn qonaqlara öz minnətdarlığını bildirib. “Bu il övladlarımızın qətlindən 30 il ötür. Bu müddət ərzində çox nəsil yetişib. 20 Yanvar çox dəhşətli hadisə idi. Mən heç vaxt istəmərəm ki, bu təkrarlansın. Daim sülh olsun, qoy uşaqlar yaşasın, xoşbəxtlik olsun. Və heç vaxt analar ağlamasın” –deyə şəhid anası qeyd edib.

Görüşdə Valeri Boqdanovun keçdiyi ömür yoluna nəzər salınıb. Valeri Zakir oğlu Boqdanov 1958-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Rostov Dəmiryolu Universitetinin məzunu olub. Gəncədə dəmiryolu sahəsində çalışıb. Valeri sonrakı dövrlərdə Bakıda Milli Təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Valeri Boqdanov Xəzər sahillərində ölkəmizin sərhədlərini qoruyarkən qəhrəmancasına şəhid olub. O, Boqdanovlar ailəsinin yeganə oğlan övladı idi.

Gəncə Şəhər İcra Hakimiyyəti adından Boqadanovlar ailəsinə sovqat təqdim edilib.

Photogallery

93a56f2e 6e75 4a65 98b3 Fd254f66ae0a C01164a5 F17e 4ff3 8ef4 5e94e6745a4c 1bbda484 7b02 4538 A34f Feb2fc0b8e08 F9215c09 F0f4 4797 B22f 876e154573ca 1f05a9c8 1c9f 4847 816b 0a4a9530c9c8 A6661335 7f2f 444b 9490 958e1118ed7c

Hadisə