Bazar ertəsi 28 Sentyabr 2020

Siyasət

Pərvin Kərimzadə: 'Azərbaycanın siyasi və iqtisadi sahələrdə sabitliyi əmin əllərdədir'

Surxay Məmmədzadə - 15/01/2020

Dahi şəxsiyyət Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas etdiyi, dinamik islahatlar yoluna çıxardığı müstəqil Azərbaycan Respublikası bu gün sabit şəraitdə sürətlə inkişaf edir. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib.

Bu barədə açıqlamasında millət vəkili Pərvin Kərimzadə bildirib. O qeyd edib ki, dinamik inkişaf yolunda əmin addımlarla irəliləyən ölkəmiz uğurlu idarəetmə nəticəsində beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib, istənilən müstəqil dövlətin həsəd apara biləcəyi zirvələri fəth edib.

Deputat Pərvin Kərimzadə deyib ki, Azərbaycanda vətəndaşların mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatlar, enerji, nəqliyyat sferalarında, xarici siyasətdə qazanılan bənzəri olmayan uğurlar bir-birini tamamlayaraq, dövlətin dayanıqlı inkişafında harmoniya yarada bilib. Qazanılan uğurlarla, əldə edilən nailiyyətlərlə yanaşı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də ən ağrılı problem olaraq bir an da olsun diqqətdən kənarda qalmır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə tutarlı, kəsərli faktlarla beynəlxalq aləmdə mövqeyini dayanmadan möhkəmləndirən ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə gedən yolun bir addımlığında dayandığını nəzərə çatdırıb. Dövlət Başçısı işğalçı Ermənistanın heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmadığını, bütün əsas parametrlər üzrə ölkəmizin işğalçı Ermənistanı böyük fərqlə qabaqladığını diqqətə çatdırıb. Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini xatırlayan Prezident İlham Əliyev bildirib ki, 2011-ci ildə bizdən əvvəl Ermənistan da öz namizədliyini vermişdi. Ancaq biz namizədliyi verəndən sonra onlar götür-qoy etdilər və gördülər ki, bizimlə rəqabətdə onlar 100 faiz uduzacaqlar, çox sakitcə, qorxaqcasına öz namizədliyini geri götürdülər. Çünki bilirdilər ki, BMT-də biz onlara böyük fərqlə qalib gələcəyik və beləliklə, onlar rüsvay olacaqlar. Yəni, bu, 9 il bundan əvvəl baş vermiş hadisədir və onu göstərir ki, beynəlxalq müstəvidə Ermənistanın və Azərbaycanın hörməti və çəkisi nə dərəcədə fərqlənir. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bizim böyük siyasi və diplomatik qələbəmizdir və eyni zamanda, Ermənistan üzərində böyük qələbə idi.

“Dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir. Mənbə “Global Firepower 2019” hesabatıdır”- Ölkə Başçısının səsləndirdiyi bu rəqəmlər işğalçı Ermənistanın heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmadığının təsdiqidir.

Makroiqtisadi sahədə də göstəricilər ölkəmizin inkişafının, tərəqqisinin işğalçı qonşu ölkə ilə müqayisəedilməz dərəcədə yüksək olduğunu nümayiş etdirir. Belə ki, 2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu dollar ekvivalentində 47,6 milyard dollardır, Ermənistanda isə cəmi 13 milyard dollar. Alıcılıq qabiliyyətinə görə Azərbaycan 187 milyard dollar daxili məhsula sahibdir, Ermənistan 33 milyard, fərq 5,6 dəfədir. Adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 4800 dollar, Ermənistanda 4500 dollardır. Alıcılıq qabiliyyətinə görə adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 18 min 600 dollar, Ermənistanda 11 min dollardır. Valyuta ehtiyatları Azərbaycanda 51 milyard dollar, Ermənistanda 2 milyard dollardır, fərq 25 dəfədir. Xarici ticarət dövriyyəsi Azərbaycanda 33,6 milyard, Ermənistanda 7,4 milyard dollardır, fərq 4,5 dəfədir. İxrac – Azərbaycan 19,6 milyard, Ermənistan 2,4 milyard, fərq 8,1 dəfədir. Müsbət saldo Azərbaycanda 6 milyard dollar, Ermənistanda mənfi saldo 2,6 milyard dollardır. Sərmayə qoyuluşu – keçən il Azərbaycana 13,5 milyard dollar qoyulubdur, Ermənistana 900 milyon, fərq 15 dəfədir. Xarici dövlət borcu – Azərbaycanın xarici dövlət borcu 7,9 milyard dollar, Ermənistanın 6 milyard dollardır. Azərbaycanda xarici dövlət borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir, Ermənistanda 40 faizdən çoxdur. Valyuta ehtiyatları Azərbaycanda xarici dövlət borcundan 6,4 dəfə çoxdur, Ermənistanda xarici dövlət borcu valyuta ehtiyatlarından 2,3 dəfə çoxdur. Adambaşına düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistanda 1900 dollardır.

Təkcə sosialyönümlü islahatlarla zəngin 2019-cu ilə nəzər yetirmək kifayətdir ki, Azərbaycanda əməkhaqları və pensiyaların işğalçı qonşu ölkə ilə müqayisəedilməz dərəcədə yüksək olduğunun şahidi olasan. Minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci, Ermənistan onuncu, yəni axırıncı yerdədir.

Millət vəkili onu da vurğulayıb ki, Azərbaycan Prezidentinin müşavirədə səsləndirdiyi rəqəmlər, ötən ilin oktyabr ayının 3-də Rusiyanın Soçi şəhərində keçirilmiş “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında dərin məzmunlu çıxışı hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Eyni zamanda Prezident İlham Əliyevin milli maraqlarımız naminə sərgilədiyi qətiyyətli mövqeyi işğalçı Ermənistanın avantürist hakimiyyətinin baş nazirinin öz ölkəsinin dırnaqarası uğurları haqqında danışarkən Ermənistanı Azərbaycanla müqayisə etməyə haqqı çatmadığının tutarlı faktlarla daha bir təsdiqidir.

“Bilirsiniz, əvvəllər mən Azərbaycanı heç bir ölkə ilə heç vaxt müqayisə etməmişəm. Biz işimizi kimisə qabaqlamaq üçün görmürük. Biz işimizi Azərbaycan xalqı, dövləti naminə görürük, sadəcə olaraq, Ermənistanın növbəti yalanlarını ifşa etmək üçün məcbur olub, bu müqayisəli təhlili sizə və Azərbaycan xalqına təqdim etdim. Özü də mənim gətirdiyim rəqəmlər həqiqəti əks etdirir, Ermənistanın gətirdiyi rəqəmlər növbəti əfsanədir, növbəti yalandır”- Ölkə Başçısının reallığa, humanizmə əsaslanan bu fikirləri müstəqil Azərbaycanın siyasi və iqtisadi sahələrdə sabitliyinin əmin əllərdə olduğundan xəbər verir.