Cümə günü 21 Fevral 2020

Siyasət

'İlham Əliyev. İnkişaf - məqsədimizdir' çoxcildliyinin 94-cü kitabı çapdan çıxıb

Sənubər Qocayeva - 14/01/2020

Akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 94-cü kitabındakı materiallar 2019-cu ilin martından may ayınadək olan dövrü əhatə edir.

Ötən il mayın 2-də və 3-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Prezident İlham Əliyev Forumun açılış mərasimində geniş nitq söyləyib. Azərbaycanın əsrlərboyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı məkan olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Tarix və coğrafiyamız nümayiş etdirir ki, biz yalnız tərəfdaşlıq və qarşılıqlı hörmət ruhunda uğura nail ola bilərik. Azərbaycanın bugünkü sürətli inkişafı da məhz bu mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Biz tariximiz, tarixi abidələrimizlə fəxr edirik. Onlar da əsrlərboyu müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb-yaratdıqlarını göstərir. Biz qədim tariximizlə fəxr edirik”.

Dövlətimizin başçısının Forumun açılış mərasimində dərin məzmunlu nitqinin mətni 94-cü kitaba daxil edilib.

Nəşrdə Prezident İlham Əliyevin Avstriya Respublikasına, Çin Xalq Respublikasına, Belçika Krallığına işgüzar səfərləri zamanı bu ölkələrin rəhbərləri ilə görüş və danışıqlarına dair materiallar, Pekində “Bir kəmər – bir yol” II Beynəlxalq Əməkdaşlıq Forumunda çıxışının, habelə Çinin “Sinxua” agentliyinə müsahibəsinin mətnləri verilib. Dövlətimizin başçısı bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Oxucu yeni kitabda Prezident İlham Əliyevin Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə xalqımıza təbriki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr edilmiş təntənəli mərasimdə söylədiyi nitqin mətni ilə tanış ola bilər.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqlərinin, Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksinin, habelə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) və ilk DOST Mərkəzinin inzibati binasının açılış mərasimlərində çıxışlarının mətnləri, Qobustan rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşünə dair materiallar da nəşrə daxil edilib.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

“Azərnəşr” tərəfindən buraxılan 94-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Hadisə