Cümə günü 17 Yanvar 2020

Mədəniyyət

Gəncə Tarix-Diyarşünaslıq Muzeyində əsaslı təmir-bərpa işlərinə başlanıb

Gülnar Fazilqızı - 14/01/2020

Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyində əsaslı təmir-bərpa işlərinə başlanıb. Gəncə memarlığının ən unikal nümunələrindən olan muzey binası XIX əsrin sonlarında Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Ziyadoğlu Qacarın nəticəsi, görkəmli ziyalı, ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin İranda ilk və son səlahiyyətli nümayəndəsi, doğma dilimizdə “Azərbaycan” adı ilə çapdan çıxan ilk kitabın müəllifi Adil xan Ziyadxanovun şəxsi imarəti kimi inşa edilib.

Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra ömrü mühacirətdə - İranda, 1934-cü ildən sonra isə Türkiyədə keçən Adil xan Ziyadxanov İstanbul Universitetində pedaqoji fəaliyyətlə məşğul olub və 1957-ci il dekabrın 14-də Vətən həsrətilə dünyasını dəyişib.

Adil xan Ziyadxanovun şəxsi imarəti əvvəllər məktəb kimi fəaliyyət göstərsə də, 1924-cü ildən təşkil olunmuş hazırkı Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyi 1972-ci ildən bu binada fəaliyyətə başlayıb.

Bu dövrdə binada heç vaxt əsaslı təmir-bərpa işləri aparılmayıb.

Qeyd edək ki, Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyi qədim və müasir dövr olmaqla 2 şöbədən ibarətdir. Muzeyin əsas fondunda 20472 eksponat, köməkçi fondda isə 9423 eksponat qorunur. Ümumilikdə, 29895 eksponatın mühafizə olunduğu muzeyin fondlarında 364 nəqqaşlıq, 9188 sənəd, 9 heykəltəraşlıq, 4407 arxeoloji, 1686 məişət və etnoqrafiya, 2657 fotoşəkil, 2161 sair eksponatlar var.

Gəncə xanlığının bayrağı və Atabəylər-Eldənizlər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvanın (1175-1186) qızına cehiz olaraq verdiyi çıraq muzeyin nadir eksponatlarından hesab edilir.

Hazırda söküntü işlərinin aparıldığı ikimərtəbəli binada təmir-bərpa işlərinin bu il yekunlaşacağı nəzərdə tutulub.

Azərtac

Photogallery

1579001053199538181 1000x669

Hadisə