Cümə günü 17 Yanvar 2020

Təhsil

GDU-da 2019-2020-ci tədris ilinin payız semestrinin imtahanları davam edir

Sənubər Qocayeva - 10/01/2020

Gəncə Dövlət Universitetində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahanları uğurla davam edir. İmtahan sessiyası tədris planlarına uyğun olaraq, 29 dekabr 2019-cu il tarixdə başlayıb, 31 yanvar 2020-ci il tarixədək davam edəcəkdir. Cari tədris ilinin imtahan sessiyasında imtahanların yazılı, test, şifahi və qabiliyyət formasında qəbul edilməsi nəzərdə tutulub. İmtahanlar ilk mərhələdə yazılı, sonrakı mərhələdə isə test formasında keçiriləcəkdir.

Yazılı imtahanlar 29 dekabr 2019-cu il tarixdə 4 növbədə keçirilib. Yazılı imtahanlarda tələbələrin imtahan verə bilmələri üçün II tədris binasında 22 otaq, IV tədris binasında 10 otaq ayrılıb. Gün ərzində 5400 nəfərdən yazılı imtahan qəbul edilib. Hər bir tələbə üçün ayrı-ayrılıqda variantlar hazırlanıb. İmtahanların keçirilməsi zamanı obyektivliyi təmin etmək məqsədilə imtahan üçün nəzərdə tutulan hər otaqda bir ixtisas üzrə 5 nəfər tələbə imtahan verib. Tələbələrin yazılı sənədləri imtahan başa çatdıqdan sonra rektorluq tərəfindən təyin edilmiş xüsusi kodlaşdırma qrupu tərəfindən yığılıb və kodlaşdırılaraq yoxlanılmaq üçün dəvət edilmiş müəllimlərə təhvil verilib.

30.12.2019-cu il tarixdən başlayaraq, 31 yanvar 2020-ci il tarixədək davam edəcək

test imtahanları əsas tədris binasında təşkil olunmuşdur. Test imtahanları üçün 10 imtahan otağı ayrılmış və imtahan otaqlarında 25 ədəd kompüter qoyulmuşdur. Gün ərzində 1750 nəfər tələbənin test imtahanı verməsinə şərait yaradılmışdır.

Qeyd edək ki, yaradıcılıq tələb edən ixtisaslarda qabiliyyət formasında keçiriləcək imtahanlar 07 yanvar 2020-ci il tarixdə başlayıb, 31 yanvar 2020-ci il tarixədək davam edəcəkdir.

Qabiliyyət imtahanları əvvəlcədən rektorun əmri ilə yaradılmış xüsusi komissiyalar tərəfindən qəbul edilir.

Universitetdə imtahanların keçirilməsinə ictimai nəzarət təmin olunub. Hər tədris ilində ictimaiyyət və KİV nümayəndələrinin, tələbələrin valideynlərinin imtahanların gedişatına nəzarət etməsi üçün vaxtaşırı mediaturlar təşkil olunub. Bu tədris ilinin imtahan sessiyasında da mediatur təşkil olunması nəzərdə tutulub.

Photogallery

GDU Da Imtahan 3 GDU Da Imtahan 1 GDU Da Imtahan 5 GDU Da Imtahan 6

Hadisə