Cümə günü 17 Yanvar 2020

Siyasət

Naqif Həmzəyev: 'Azərbaycan unikal ölkə kimi turistlərin diqqətini çəkir'

Sənubər Qocayeva - 08/01/2020

Dünyada mövcud olan 11 iqlim qurşağının 9-nun Azərbaycanda mövcudluğu, təbii sərvətlərimiz, zəngin tarixi-mədəni irsimiz, milli mətbəximiz, ölkəmizin sosial-iqtisadi inkişafı, sabitlik adasına çevrilməsi son illər dünyanın hər yerindən turistləri ölkəmizə cəlb edib.

Bunu Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat Azərbaycanın beynəlxalq tədbirlərə, simpozium və konfranslara evsahibliyi etməsinin, beynəlxalq idman yarışlarının, musiqi festivallarının, mədəniyyət tədbirlərinin ölkəmizdə turizmin inkişafına müsbət təsir göstərdiyini qeyd edib. Xalqımızın qonaqpərvərliyi də turistlərin məhz Azərbaycanı seçməsində mühüm rol oynadığını vurğulayan Naqif Həmzəyev onu da bildirib ki, xüsusilə də ailələri ilə səfərə hazırlaşan insanlar o yerlərə üz tuturlar ki, orada sabitlik, insanlara münasibət yüksək səviyyədə olsun. Belə olduqda Azərbaycan həm təbiətinə, həm coğrafi mövqeyinə, həm də sabitliyinə görə unikal ölkə kimi əcnəbilərin diqqətini çəkir.

Ölkə Başçısı İlham Əliyevin turizm sahəsinə göstərdiyi hərtərəfli dəstəyin nəticəsində Azərbaycanda turizm sahəsi yeni mərhələyə qədəm qoyub. Turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, yeni turizm növlərinin inkişafı, dünya standartlarına uyğun otellərin inşası, turist səfərlərinin asanlaşdırılması məqsədilə viza alınmasının sadələşdirilməsi ölkəmizi dünyada yeni turizm istiqaməti kimi tanıtmağa başlayıb.

Azərbaycanın mükəmməl təşkilatçılıq modeli kimi “Eurovision” musiqi yarışması, ilk Avropa Oyunları, “Formula-1” Azərbaycan Qran-prisi, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, IV İslam Həmrəyliyi Oyunları ölkəmizə gələn turistlərin artmasında müstəsna rol oynayıb.

Ölkəmizdə davamlı turizmə nail olmaq üçün qış turizm bazasının yaradılması yaz, yay, payız fəsilləri ilə yanaşı qışda da ölkəmizə gələn turistlərin sayını nəzərəçarpacaq dərəcədə artırıb. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” Turizm Mərkəzi dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açıb. Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan “Şahdağ” Turizm Mərkəzinin, “Tufan” Dağ-Xizək Mərkəzinin fəaliyyəti, paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına diqqətin göstəricisidir.

“Sevindirici haldır ki, yüzlərlə xarici turist tətil günlərini daha yaddaqalan etmək, yeni ilin gəlişini qarşılamaq üçün ölkəmizi seçib. 2019-cu ildə ölkəmizə gələn turistlətin sayı 3 milyonu ötüb. Nəticədə 2018-ci illə müqayisədə 11,1 faiz artım baş verib. Artıq ölkəmizdə turizmin strateji hədəfləri də müəyyənləşdirilib. Əsas məqsəd “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə göstərildiyi kimi, Azərbaycanı 2025-ci ildə dünyanın 20 ən yaxşı inkişaf edən turizm ölkəsindən birinə çevrməkdir”-Naqif Həmzəyev qeyd edib.

Hadisə