Cümə günü 18 İyun 2021

Təhsil

TADF sədri Bilal Dündar UTECA-da olub

Sənubər Qocayeva - 11/12/2019

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar Azərbaycan Texnologiya Universitetində (UTECA) olub. O, universitetin fəaliyyəti, yerli və xarici əlaqələri, təlim-tədris mərkəzləri, tədris şəraiti, Texnopark məhsulları ilə tanışlıqdan sonra geniş auditoriyada tələbələrlə görüşüb.

UTECA-nın rektoru, professor Akif Süleymanov Bilal Dündarı tələbələrlə tanış edən zaman bildirib ki, 2006-cı ildən etibarən qardaş ölkədə fəaliyyət göstərən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ötən müddət ərzində Azərbaycanın haqq səsinin Türk cəmiyyəti, eləcə də dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir çox işlər görüb.

Bilal Dündar çıxışında qeyd edib ki, rəhbərlik etdiyi qurum Azərbaycan icma və birliklərini özündə birləşdirir və federasiyanın Türkiyənin 16 vilayətində dərnəkləri fəaliyyət göstərir. Məqsəd keçmişi unutdurmamaq, “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq hər iki ölkənin gələcək nəsillərinə qardaşlıq və birlik ideyası aşılamaqdır. Bu amalla Ulu Öndər Heydər Əliyevin adını daşıyan parklar salınıb, Soyqırım Muzeyi açılıb. Bilal Dündar əlavə edib ki, diaspor nümayəndələri Türkiyədə azərbaycanlı tələbələrin də problemləri ilə yaxından tanış olur və onlarla tez-tez görüşlər təşkil edirlər. Qonaq UTECA tələbələrinə diaspor hərəkatının əhəmiyyətindən danışaraq bildirib ki, gənclər bu istiqamətdə aktiv olarsa diaspor hərəkatının keyfiyyətcə yeni mərhələyə-lobbiçilik fəaliyyətinə keçməsi prosesi sürətlənər. Federasiya sədri sonda tələbələri daim həmrəy olmağa səsləyib, onlara qarşıdakı imtahanlarda müvəffəqiyyətlər arzu edib.