Cümə günü 17 Yanvar 2020

İdman

'Gəncə 2019-cu ilin Avropanın İdman Şəhəri' layihəsi yekunlaşıb

Sənubər Qocayeva - 09/12/2019

"Gəncə 2019-cu ilin Avropanın İdman Şəhəri" layihəsinə “Ata, ana və mən - idman ailəsiyik” devizi altında keçirilən “Çempion” ailəvi idman oyunları ilə yekun vurulub. Göygöl Olimpiya İdman Kompleksində keçirilən yekun tədbir Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, Gəncə şəhər və Göygöl rayon icra hakimiyyətlərinin dəstəyi ilə reallaşıb.

“Çempion” əyləncəli idman oyunları üzrə yarışlar 2 mərhələdə keçirilib.

I mərhələ hər biri 4 komanda (8 ailə) olmaqla qrup oyunlarından, II mərhələ isə final oyunlarından ibarət olub .Qrup oyunlarında qalib gələn 2 komanda (4 ailə) finala vəsiqə qazanıb. Finalda Gəncə, Göygöl, Bərdə və Qazax komandaları mübarizə aparıblar. Keçirilən oyunları Təşkilat Komitəsinin təyin etdiyi hakimlər edarə edib. Komandaların qiymətləndirilməsi isə münsiflər heyəti tərəfindən həyata keçirilib. Gərgin mübarizə nəticəsində Gəncə komandası birincilik əldə edib.

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Çempion” əyləncəli idman oyunlarının təşkilində əsas məqsəd sağlam həyat tərzinin aşılanması, yeniyetmə və gənclərin fiziki və intellektual inkişafının təmin edilməsidir.

Mükafatlandırma mərasimində Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov,Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavinin Kəmalə İbrahimova, idmançılar və KİV nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Fərid Mansurov bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün Azərbayacan idmançıları dünya idman arenalarında ölkəmizi layiqincə təmsil edirlər. Gəncənin Avropanın İdman Şəhəri seçilməsi də bu diqqətin bariz nümunələrindəndir. Bu layihə çərçivəsində Gəncədə bir sıra idman tədbirləri təşkil olunub. “Əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycanda idmana daha çox maraq artsın, xalqımız sağlam həyat tərzi keçirsin. Mənim özümün də idmana həvəsim məhz belə tədbirlərdən başlayıb. Bu cür tədbirlərdə iştirak etmək özü bir cəsarət tələb edir. Bu gün burada iştirak edərək qalib gələn ailəni təbrik edir və hər birinə uğurlar arzu edirəm” – deyə Fərid Mansurov bildirib.  

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova çıxışında qeyd edib ki, Gəncənin Avropa İdman Şəhəri seçilməsi Nizami yurdunun  idman şəhəri olduğunu bir daha sübut edir. Bu gün ölkə Prezidenti tərəfində idmana göstərilən xüsusi qayğı və diqqət nəticəsində gənclərimizin idmana olan marağı günü gündən artır. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda müxtəlif növ idman yarışları keçirilir. Xanım müavin  mərasimində qalib olan komandaları təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.

Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavinin Kəmalə İbrahimova tədbir iştirakçılarını salamlayaraq, qalibləri təbrik edib. O qeyd edib ki, Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr bir daha təsdiqləyir. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Gəncənin Avropanın İdman Şəhəri adına layiq görülməsi də bu uğurun bir hissəsidir.

Çıxışlardan sonra mükafatlandırma mərasimi baş tutub. Finalda mübarizə apararaq, nəticə göstərən komandalara diplom və xatirə hədiyyələri, qalib komandaya isə kubok təqdim olunub.

Daha sonra “Gəncə Avropa İdman Şəhəri” layihəsinin bağlanış məraisiminə həsr olunan videoçarx təqdim olunub. Tədbir Gəncə Dövlət Filarmoniyasının kollektivinin iştirakı ilə təşkil olunan konsert proqramı ilə davam edib.

Xatırladaq ki, 2018-ci il mayın 16-da Gəncə şəhəri 2019-cu ilin Avropa İdman Şəhəri elan edilib. Belçika Krallığının paytaxtı Brüsseldə “ACES Europe”nın təşkilatçılığı ilə Avropanın İdman Paytaxtı və Avropanın İdman Şəhəri titullarını qazanan şəhərlərin rəsmi təltif olunma mərasimi keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il üçün Avropanın İdman Şəhəri titulunu əks etdirən rəsmi bayrağı qəbul edib. Avropanın İdman Şəhəri titulunu MDB ölkələri arasında ilk dəfə Gəncə şəhəri qazanıb.

Hadisə