Çərşənbə axşamı 10 Dekabr 2019

Təhsil

Azərbaycan Texnologiya Universitetində Türkiyə universitetləri məzunlarının görüşü keçirilib

Surxay Məmmədzadə - 29/11/2019

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyindən (TUMİB) bildiriblər ki, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə reallaşan görüş mədəni irsimizin təbliğində xidmətləri olan Türkiyə universitetlərində məzun azərbaycanlı gənclərin II Bakı Forumu layihəsinin icrası çərçivəsində təşkil olunub.

Tədbirdə Azərbaycan Texnologiya, Gəncə Dövlət universitetlərinin professor və müəllim heyəti, eləcə də Türkiyədə təhsil almış azərbaycanlı məzunlar iştirak ediblər.

Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru Vüqar İsmayılov çıxış edərək universitetin “Nəsimi ili” ilə bağlı bir sıra tədbirlərə ev sahibliyi etdiyini bildirib. O, Türkiyə universitetlərinin azərbaycanlı məzunlarının, eləcə də digər gənclərin mədəni irsimizin təbliğində rolundan danışıb.

TUMİB-in sədri Çingiz Bayramov bildirib ki, Türkiyənin müxtəlif universitetlərində təhsil almış məzunları ətrafına toplayan qurumun əsas məqsədi onlar arasında əlaqələr yaratmaq və əməkdaşlığın inkişaf etdirilməsidir. Bu məqsədlə təşkilat dekabrın 6-da Bakıda Türkiyə universitetlərindən məzun olan azərbaycanlı gənclərin II Bakı Forumunu keçirəcək. Forumun məqsədi dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığının təbliği, müasir gənclərimizin qarşısında duran əsas hədəf və vəzifələrin müzakirəsidir.

Müzakirə şəklində keçən görüşdə digər çıxış edənlər Nəsimi irsindən söz açıb, onun ideyalarının müasirliyi, elmdə rolundan danışıblar.

Sonda tələbələr İmadəddin Nəsiminin qəzəllərini səsləndiriblər.

Photogallery

15749675714619140341 1000x669

Hadisə