Çərşənbə axşamı 10 Dekabr 2019

Mədəniyyət

GDU-da İsmayıl Şıxlının 100 illik yubileyi qeyd olunub

Gülnar Fazilqızı - 25/11/2019

GDU-nun Filologiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi qeyd edilib.

İsmayıl Şıxlının xalq yaradıcılığından güc alan əsərləri dərin həyat fəlsəfəsi və milli koloriti ilə oxucuların rəğbətini qazanıb.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, bu fikir Gəncə Dövlət Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr edilmiş “İsmayıl Şıxlı – 100” adlı elmi konfransda səsləndirilib.

Konfransda çıxış edən universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbirin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 yanvar 2019-cu il İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının icrasından irəli gələn vəzifələr çərçivəsində təşkil olunduğunu bildirib.

Xalq yazıçısı İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən, zəngin bədii yaradıcılığından bəhs edib, ədibin əsərlərinin əhəmiyyətini vurğulayıb, onun yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar yaratdığını tələbələrin nəzərinə çatdırıb. Bildirib ki, görkəmli yazıçı əsərlərində Azərbaycan xalqının milli düşüncə tərzini, dünyagörüşünü əks etdirməyə xüsusi diqqət yetirib, ömrünün sonunadək qələminə sadiq qalıb və ədəbiyyatımıza dəyərli nəsr əsərləri bəxş edib.

Filologiya fakültəsinin professor-müəllim heyətinin məruzələrində qeyd edilib ki, XX əsr Azərbaycan bədii nəsrinin inkişafında özünəməxsus yeri olan İsmayıl Şıxlı xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar silsiləsi yaradıb. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə hesab olunur. Üslub mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir.

Xalq yazıçısı İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Onun yaradıcılığı bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı ilə seçilir. Eyni zamanda, xalqımızın taleyüklü məsələlərinə daim vətəndaş, ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

Tədbirdə yazıçının həyat və yaradıcılığından bəhs edən videoçarxlar nümayiş olunub. Həmçinin tələbələrin ifasında ədibin əsərlərindən epizodlar səhnələşdirilib.

Photogallery

IMG 1827 IMG 1813 IMG 1822

Hadisə