Şənbə 14 Dekabr 2019

Mədəniyyət

Gəncənin Musiqi Mədəniyyəti tarixi haqqında elmi-praktiki konfrans keçirilib

Sənubər Qocayeva - 20/11/2019

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının(BMA), Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Gəncə bölməsinin və Gəncə Dövlət Universitetinin(GDU) birgə təşkilatçılığı ilə “Gəncənin musiqi mədəniyyətinin tarixi” mövzusunda Elmi-praktik konfrans keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, konfransda BMA-nın Elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Tələbə elmi cəmiyyətinin sədri, Əməkdar incəsənəd xadimi, sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyeva, Elmi katib Həbibə Məmmədova, AMEA-nın Gəncə bölməsinin sədri, AMEA-nın müxbir üzvü, Kimya elmləri doktoru, akademik Fuad Əliyev, Gəncə şəhər Musiqi məktəblərinin direktorları, eləcə də GDU-nun prorektorları, professor- müəllim heyəti və tələbələr iştirak ediblər.

Konfransı Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə açaraq “Gəncənin musiqi mədəniyyətinin tarixi” mövzusunda Elmi-praktik konfransın GDU-da təşkil olunmasına və professor, akademiklərlə bir arada olduğundan məmnunluq duyduğunu bildirib. Qədim mədəniyyətin beşiyi olan Gəncə şəhəri Azərbaycan musiqisinin inkişafında vacib rol oynayıb. Bu şəhər Məhsəti xanım Gəncəvi və Nizami kimi böyük şairlərin vətənidir – bir sözlə, ölkənin ədəbiyyat və incəsənət mərkəzidir.

AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev Azərbaycanın mədəni həyatında hər zaman xüsusi rol oynayan qədim Gəncə bu gün də mühüm mədəniyyət mərkəzi, tarixi irs və müasirliyin qovuşduğu məkan kimi diqqəti cəlb etdiyini vurğulayıb. Əsrlər boyu İpək Yolunun keçdiyi, dünyanın müxtəlif yerlərindən ticarət karvanlarının, səyyah, alimlərin üz tutduğu dahi Nizaminin, böyük Məhsətinin yurdu, qəhrəman Cavad xanın vətəni hazırda abadlaşan siması, yeniləşən mədəniyyət və turizm infrastrukturu ilə şəhərə gələn qonaqları salamlayır.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Botanika kafedrasının müdiri, Biologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Vaqif Novruzov, Pedaqoji fakültənin dekanı Bayram Apoyev və Musiqi fənnləri kafedrasının müdiri professor Sevda

Qurbanəliyeva gələn qonaqları salamlayaraq, konfransın məhz GDU-da keçirilməsinə və professorla, akademiklərlə bir arada olduqlarına məmnunluqlarını bildiriblər.

Konfransda çıxış edən məruzəçilər vurğulayıblar ki, bu gün ölkənin hər yerində həyata keçirilən sürətli quruculuq-abadlıq işləri, sosial-iqtisadi proqramlar bu bölgəmizin də inkişafına böyük zəmin yaradıb. Gəncə ildən-ilə gözəlləşir və müasirləşir. Bütün bu yeniliklər Gəncənin tarixi özəlliyini kölgədə qoymur, əksinə, tarixilik və müasirlik bütün görülən işlərdə vəhdət təşkil edir. Dövlət başçısının xeyir-duası ilə təməli qoyulmuş Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının möhtəşəm binası buna bariz nümunədir. Şəhərin müasir memarlığına rəng qatan Heydər Əliyev Mərkəzi isə öz möhtəşəm memarlığı ilə diqqəti daha çox çəkir. 2014-cü ildə açılışı olan Məhsəti Gəncəvi Mərkəzində şairənin yaradıcılığına həsr olunmuş rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı, musiqi studiyası, not kitabxanası, muğam, fortepiano şöbələri və iclas zalı fəaliyyət göstərir.

2013-cü il noyabrın 21-də Avropada gənclər təşkilatlarının ən böyük platforması olan Avropa Gənclər Forumunun Baş Assambleyasında nüfuzlu beynəlxalq münsiflər heyətinin qərarı ilə Gəncə şəhəri “2016-cı il Avropa gənclər paytaxtı” elan edilib. 2017-ci ildə Gəncə Müstəqil Dövlətlər Birliyinin “Mədəniyyət Paytaxtı” seçilib. Şəhərdə 5 musiqi məktəbi, uşaqlar üçün peşə məktəbi, incəsənət məktəbi, 5 muzey, 3 mədəniyyət evi, 6 musiqi evi və 27 kitabxana fəaliyyət göstərir.

Prezident İlham Əliyev şəhərə səfərlərinin birində demişdir: “Gəncənin mədəni həyatı zəngindir. Həmişə belə olubdur. Bu, əlbəttə ki, məni sevindirir, çünki Gəncə Azərbaycanın qədim şəhəridir, ikinci şəhəridir, Nizami yurdudur”. Şəhərin mərkəzində yerləşən Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyi də Gəncənin maraqlı məkanlarındandır.

Azərbaycanın qədim mədəni mərkəzlərindən sayılan Gəncə mədəniyyəti ilə tarixdə özünəməxsuz iz qoyub. Neçə əsrlər boyu bu torpaqlarda dahi insanların dünyaya gəlməsi, Gəncənin zəngin keçmişindən və tarixindən xəbər verir. Bu tarixi canlandıran amillər sırasında poeziya, musiqi və folklor öz sıradadır. Mirzə Şəfi Vazeh, Əli Nəzmi, Abdulla Sur, Fikrət Əmirov, Qəmbər Hüseynli, Ələkbər Tağıyev, Mobil Əhmədov, Adil İsgəndərov, Həmid Araslı,

Məmmədrza Şeyxzamanov, Xudadat bəy Rəfibəyli və digər adlı-sanlı şəxsiyyətlər bu torpaqda yetişərək Azərbaycan mədəniyyətinə, ictimai fikrinə töhfələr veriblər.

Qeyd olunub ki, “Gəncənin musiqi mədəniyyətinin tarixi” milli-mənəvi sərvətlərimizin, xalq yaradıcılığı irsimizin, folklorumuzun qorunub saxlanılması, gənc nəslə ötürülməsi, öyrədilməsi sahəsində mühüm əhəmiyyət daşıyır. Əgər gənc nəsil bu irsə dərindən yiyələnərək sahib çıxarsa, adət-ənənələrimizin, milli dəyərlərimizin layiqincə qorunmasına səbəb olar. Ən qədim musiqi janrlarından olan mahnı və rəqslərimiz, muğam sənəti və aşıq yaradıcılığı xalqımızın düşüncə tərzi, adətlərimiz, milli dəyərlərimiz, milli şüur, xalqımızın yaşam tərzi və ümumi-milli psixoloji amilləri barədə informasiya daşıyıcısıdır, milli genofondumuzdur. Bu baxımdan tələbələrimizin nəinki daha peşəkar səviyyə əldə etmələri, dünya miqyasında mədəniyyətimizi tanıtmaları, təbliğ etmələri üçün, eyni zamanda onların dünya görüşünün formalaşması nöqteyi-nəzərindən də vacibdir. Azərbaycan xalqının, Gəncə şəhərinin tarixi qədim olduğu qədər mədəniyyəti də qədim və zəngindir.

Gəncə bu gün, sözün əsl mənasında, özünün intibah dövrünü yaşayır. Şəhərin sosial-iqtisadi və mədəni həyatı dinamik surətdə inkişaf edir, qədimliklə müasirliyin vəhdət təşkil etdiyi bu unikal məkan şöhrətini bütün dünyaya yayır. Bir sözlə, Gəncə bu gün də tarixləşir, müasirləşir və əbədiliyini qazanır. Gəncə bu gün Azərbaycanın sənaye, elm, təhsil, mədəniyyət mərkəzlərindən biridir. Tarixi, adət-ənənələri, sənətkarları ilə tanınan, Azərbaycanın dünyaya çıxan əsas yollarından birinin üzərində yerləşən Gəncə ölkəmiz üçün strateji əhəmiyyətə malikdir.

Universitetin Musiqi fənnləri kafedrasında təhsil alan tələbələrin ifaları konfransa rəngarənglik bəxş edib.

Photogallery

Untitled 1338 Untitled 1336 Untitled 1362 Untitled 1433

Hadisə