Cümə günü 13 Dekabr 2019

Siyasət

Naqif Həmzəyev: '2020-ci ilin sosialyönümlü büdcəsi əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb'

Sənubər Göyüşqızı - 14/11/2019

Son illər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, sosial sahədə uğurla davam etdirilən dövlət siyasəti və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması nəticəsində əhalinin rifahı, güzəranı xeyli yüksəlib. Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahələrin inkişafı istiqamətində həyata keçirilən çoxşaxəli islahatlar ölkəmizin daha da qüdrətlənməsinin, dinamik inkişafının əsas leytmotivini təşkil edib.

Əhalinin maddi gəlirlərinin davamlı şəkildə çoxalması, əməkhaqqı və pensiyaların, eləcə də, büdcədən ödənilən vəsaitlərin vaxtaşırı artırılması ölkədə sosial sferada vəziyyətin daha da yaxşılaşmasını xarakterizə edən mühüm amillərdir.

Bunu YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda köklü sosial-iqtisadi islahatların davam etməsinə yönəldilən 2020-ci ilin dövlət büdcəsi ölkənin makroiqtisadi proqnozlarına əsasən sosial-iqtisadi hədəflər nəzərə alınaraq tərtib olunub. Milli Məclisin bu gün keçirilən iclasında, birinci oxunuşda qəbul edilən 2020-ci ilin dövlət büdcə layihəsi 2020-ci ilin büdcəsinin investisiyayönümlü və sosialyönümlü olması ilə diqqəti çəkir.

Belə ki, icmal büdcə xərclərinin yuxarı həddi 29 mlrd 488 mln manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 mlrd 117 mln manat və ya 7,7% çoxdur. İcmal büdcənin kəsiri 1 mlrd 955 mln manat və ya proqnozla nəzərdə tutulan Ümumi Daxili Məhsulun 2,3%-nə bərabər olacaq. 2020-ci il dövlət büdcəsinin gəlirləri Ümumi Daxili Məhsulun 29%-i həcmində olmaqla nominal ifadədə 24 mlrd 135 mln manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 mln manat və ya 4,2% çoxdur.2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 mlrd 533 mln manat səviyyəsində proqnozlaşdırılır.

Naqif Həmzəyev vurğulayıb ki, gəlirlərin 10 milyard 605 milyon manatı, yəni, 43,9 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 13 milyard 530 milyon manatı, yəni, 56,1 faizi isə neft gəlirlərinin payına düşəcək. Vergi orqanlarının xətti ilə büdcəyə 7 milyard 875 milyon manat, gömrük orqanlarının xətti ilə isə 4 milyard manat daxilolmalar proqnozlaşdırılır. Hərbi qulluqçuların mənzillə təmin olunması, əhalinin güzəştli şəkildə mənzil əldə edilməsi, ipoteka kreditləri ilə dəstəklənən məsələlərə də maliyyənin ayrılması nəzərdə tutulub. Bu tədbirlərin maliyyələşdirilməsi üçün 245 milyon manat vəsait ayrılacaq 2020-ci ilin dövlət büdcəsində sosialyönlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi ilk dəfə olaraq 38,5 faizə çatacaq.

Bu rəqəmlər onu deməyə əsas verir ki, həqiqətən də ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində vətəndaş, onun maddi-rifah halının daha da yaxşılaşması dayanır. Bunu təsdiq edən əsas göstəricilər isə əsas kapitala yönələn investisiya və sosial yönümlü xərclərin artırılmasıdır.

Hər bir ölkənin sosial-iqtisadi inkişafının qiymətləndirilməsində vacib faktorlardan biri də dövlət büdcəsidir. Dövlət büdcəsi ölkə iqtisadiyyatının və bütövlükdə ölkənin necə idarə olunduğunu əks etdirən güzgüdür və hər bir vətəndaşın, eləcə də dövlətin güvən yeridir.Dövlət büdcəsinin gəlirləri artdıqca, ölkənin maliyyə imkanları genişləndikcə bu vəsaitlər birinci növbədə sosial istiqamətə, vətəndaşların sosial rifah halının yüksəldilməsinə yönəldildiyinin dəfələrlə şahidi olduq. Bu ilin əvvəlindən ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə böyük sosial paret öz həllini tapdı.Təkcə minimum əməkhaqqı və sosial müavinətlər iki dəfə qaldırılaraq 130 manatdan 250 manata çatdırıldı, minimum pensiya 70 faiz artırılaraq, 116 manatdan 200 manata qaldırıldı, iki sosial paketin əhatə dairəsi 4,2 milyon vətəndaşı əhatə etdi. Bu sosial tədbirlərin həyata keçirilməsi üçün 4 milyard manata yaxın vəsait ayrıldı.

Möhkəm təməl üzərində qurulan iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə düzgün istiqamətdə aparılması nəticəsində bu qədər böyük vəsait ayrılmasına baxmayaraq, ciddi inflyasiya baş vermədi. Bu da bir daha təsdiq edir ki, cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul edən dövlət Başçısı İlham Əliyevin yürütdüyü siyasətdə vətəndaşların mənafeyi öndə gəlir. 2020-ci ilin dövlət büdcəsində edilən yeniliklər əvvəlki illərdə olduğu kimi gələn ildə də büdcənin sosialyönümlülüyü təmin edəcək, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edəcək- deyə millət vəkili qeyd edib.

Hadisə