Çərşənbə axşamı 12 Noyabr 2019

Təhsil

GDU-da 'Müstəqilliyimiz əbədidir' adlı tədbir keçirilib

Surxay Məmmədzadə - 21/10/2019

Gəncə Dövlət Universitetində dövlət müstəqilliyimizin bərpasının 28-ci ildönümünə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti  xəbər verir ki, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva  tədbiri giriş sözü ilə açaraq xalqımızın ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa etməsini mühüm tarixi hadisə kimi qiymətləndirib. O, müstəqilliyin möhkəmlənməsində və milli dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayaraq, bu böyük şəxsiyyətin rəhbərliyi altında Azərbaycanın tarixi nailiyyətlərə imza atdığını söyləyib. Xalqımız və dövlətçiliyimiz üçün çox ağır və ziddiyyətli dövr olan 1991-1993-cü illərdə Azərbaycanda gedən son dərəcə gərgin və mürəkkəb proseslər, ictimai-siyasi həyatın bütün sahələrini əhatə edən dərin siyasi-iqtisadi böhran və torpaqlarımızın bir hissəsinin işğal olunması respublikadakı vəziyyəti daha da acınacaqlı etmişdi. 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin respublika üçün belə bir taleyüklü məqamda xalqın təkidi ilə ölkə rəhbərliyinə gəlməsi və müstəqilliyimizi qoruyub saxlayaraq xilaskarlıq missiyasını böyük cəsarət və fədakarlıqla yerinə yetirməsi nəticəsində Azərbaycan tənəzzüldən qurtuluş yoluna qədəm qoydu. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev  dahi şəxsiyyət Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi, müasir dövrün tələb və çağırışlarına, eləcə də dünyada baş verən qlobal proseslərə müvafiq olaraq keyfiyyətcə təkmilləşdirilməsi sayəsində Azərbaycanda möhtəşəm uğurlar əldə edib, cəmiyyət həyatının istisnasız olaraq bütün sahələrində sıçrayışlı inkişafa, tərəqqiyə və modernləşməyə nail olub.

Qeyd edilib ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün müasir müstəqil Azərbaycan dinamik şəkildə inkişaf edir, xalqımızın rifahı ildən-ilə yaxşılaşır. Bildirilib ki, 1991-ci ildə Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa edib, oktyabrın 18-də respublika Ali Sovetinin qəbul etdiyi “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına dekabrın 30-da ümumxalq səsverməsi – referendum vasitəsilə hüquqi təminat yaradılıb.

Tədbirdə Tarix kafedrasının professor-müəllim heyəti çıxış edərək, Azərbaycanın qədim dövlətçilik tarixi, XX əsrin əvvəllərində müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay müddətində formalaşdırdığı müstəqil dövlətçilik ənənələri, Azərbaycanın 70 il ərzində SSRİ tərkibindəki formal müstəqilliyinin müxtəlif aspektləri, XX əsrin sonlarında respublikamızda milli özünəqayıdış hərəkatının başlanması, dövlət müstəqilliyimizin bərpa olunmasının ilk illərində ölkəmizdə cərəyan edən ictimai-siyasi və sosial-iqtisadi hadisələr, ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında yerinə yetirdiyi tarixi xidmətlər və Prezident İlham Əliyevin rəhbərliyi ilə   ölkə daxilində və beynəlxalq səviyyədə əldə olunan uğurlar, Azərbaycanda müşahidə olunan dinamik iqtisadi tərəqqi, ictimai-siyasi sabitlik və gündən-günə daha da möhkəmlənən xalq-iqtidar birliyi haqqında ətraflı məlumat veriblər.

Konsert proqramı ilə davam edən tədbirdə universitetin tələbələri müstəqilliyə həsr olunan şeirlər söyləyiblər. Gənclərin ifa etdikləri vətənpərvərlik mahnıları böyük coşqu ilə qarşılanıb.

Photogallery

DSC 6166 570x428 DSC 6193 570x428 DSC 6210 570x428 DSC 6170 570x428

Hadisə