Çərşənbə günü 20 Noyabr 2019

Siyasət

Naqif Həmzəyev: 'Azərbaycan terrora qarşı mübarizədə daim Türkiyəni dəstəkləyib'

Gülnar Fazilqızı - 11/10/2019

"Bu günlər dünya siyasətçilərinin, kütləvi informasiya vasitələrinin diqqəti Türkiyənin Suriyanın şimalında, Fərat çayından şərqdə başlatdığı hərbi əməliyyatlara yönəlib. Hər gün qarşılaşdığı terror aktları, qonşu ölkələrdəki münaqişələrin təsiri, sonu hələ də görünməyən Suriya böhranının yaratdığı fəsadlar, qaçqın axını kimi vacib məsələlərin birdəfəlik həll edilməsi üçün qardaş Türkiyə bu dəfə terrorçulara qarşı daha genişmiqyaslı əməliyyata start verib”.

Bu barədə açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev bildirib.
 
Onun sözlərinə görə, Türkiyənin üstünə kabus kimi çökən terrordan azad olmaq üçün prezident Rəcəb Tayib Ərdoğan öz ölkəsinin ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaq naminə Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması məsələsini ortaya qoyub: “Rəcəb Tayyib Ərdoğan açıq-aşkar ifadə etdi ki, Türkiyəni müharibəyə cəlb etmək, terrorçu qruplaşmalarla üz-üzə qoymaq, ölkə iqtisadiyyatını çökdürmək istəyirlər. Aydın məsələdir ki, belə olan halda antiterror əməliyyatları aparmaq qaçılmazdır. Türkiyə ya erməni əsilli PKK terror təşkilatının təxminən qırx il ərzində ölkədə yaratdığı kabusa, təhdidlərə dözməli, ya da bu problemi kökündən həll etməli idi. Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Fərat çayının şərqində başladığı “Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatı Türkiyə Suriyada başladığı sayca üçüncü hərbi əməliyyatdır. Məqsəd isə heç bir milli və dini ayrı-seçkiliyə yol vermədən sərhədboyu ərazidə təhlükəsizlik bölgəsi yaratmaq üçün ərazini terrorçulardan təmizləməkdir. Bununla bağlı Türkiyənin Prezidenti Suriyanın şimalında sonuncu terrorçu məhv edilənə qədər hərbi əməliyyatlar davam etdirəcəyini bildirib”.
 
Millət vəkili N.Həmzəyev qeyd edib ki, yaxşı gündə də, çətin gündə də Türkiyənin yanında olan Azərbaycan terrora qarşı mübarizələrdə daim qardaş ölkəni dəstəkləyib: “Türkiyə dövləti beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün səyləri həmişə müdafiə edib. Tarix boyu hər iki ölkə arasında davam edən qardaşlıq, dostluq münasibətlər o səviyyyə çatıb ki, bunun əksini düşünmək belə mümkün deyil. Türkiyə kimi Azərbaycan da terrordan ən çox zərər çəkən ölkələrdən biridir. 1980-ci illərin sonundan etibarən, işğalçı Ermənistan əsassız və qanunsuz ərazi iddialarını həyata keçirmək üçün Azərbaycana qarşı dəfələrlə, minlərlə vətəndaşın ölümünə səbəb olan terror aktları törədib. Ermənistanın güc strukturlarının bilavasitə iştirakı ilə hazırlanan həmin terror aktları beynəlxalq terror qruplarından istifadə edilərək törədilib. Əsas hədəfləri Türkiyə və Azərbaycan olan dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən çoxsaylı ermənilərin terrorçu təşkilatları bilməlidir ki, tarixin ağır sınaqlarından alnıaçıq çıxan bu iki qardaş ölkə bir birinə dəstək və arxadır”.
 
Deputat N.Həmzəyev deyib ki, hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan qardaş ölkənin atdığı addımları və siyasəti birmənalı olaraq dəstəkləyir. Onun qənaətincə, Türkiyənin və Dağlıq Qarabağın erməni əsilli terrorçulardan təmizlənəcəyi, zəfər müjdəsinin bayram ediləcəyi gün uzaqda deyil.

Hadisə