Çərşənbə axşamı 22 Oktyabr 2019

Cəmiyyət

Ukraynada yaşayan yazıçı soydaşımız Qriqori Hüseynov:'Ata yurdum Gəncəni xoş xatirələrlə yad edirəm'

Sənubər Qocayeva - 10/10/2019

Ukraynanın ədəbiyyat sahəsində uğur qazanmış ən görkəmli azərbaycanlılarından biri də Qriqori Hüseynovdur.

Bəlkə də onun adı Azərbaycanda və ya ata yurdu Gəncədə az tanınır, ancaq Ukraynada Hüseynov təkcə cəmiyyətin mədəni və intellektual elitası tərəfindən deyil, həm də görkəmli yazıçı kimi onun kitabları ilə böyüyən bir neçə ukraynalı nəsil tərəfindən tanınır. O, Ukrayna Prezidenti tərəfindən mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində ölkənin ən yüksək dövlət mükafatı - Taras Şevçenko adına Milli Mükafatı almış yeganə azərbaycanlıdır. Xarici ölkələrdə daxil olmaqla 20-yə yaxın ədəbi mükafatın qalibidir. 70 yaşlı soydaşımız AZƏRTAC-a müsahibəsində həm Gəncəni xatırlayıb, həm də həyat yolundan danışıb.

Ata yurdum Gəncəni xoş xatirələrlə yad edirəm

Soydaşımız uşaqlıq illərini xoş xatirələrlə xatırladığını və bununla bağlı 1999-2005-ci illərdə kitab yazdığını qeyd edib. Həmin kitab Ukraynada ilin ən yaxşı kitabı seçilib. Q.Hüseynovu məşhurlaşdıran “Stansiya pastoralları. Uşaqlığının etirafı” kitabı özünün uşaqlığından bədii şəkildə bəhs edir. Müəllif bildirir ki, Ukrayna oxucuları üçün bu kitab misilsizdir. Çünki burada ukraynalı oxucu üçün sadə və başa düşülən şəkildə İkinci Dünya müharibəsi, müharibədən sonrakı dövrdə adi ukraynalılarla azərbaycanlıların münasibətlərindən bəhs edilib.

“Kitabda ən çətin anlarda insanların bir-birlərinə necə kömək etməsi və ukraynalı anası və azərbaycanlı atasının sevərək ailə qurması haqqında fikirlər də yer alıb. Həmçinin, kitabda müharibədən əvvəl xalça istehsalçısı olan atası Camalın Vətəni Gəncəyə ilk səfərini ürəkdən xatırlayır. Düşünürəm ki, azərbaycanlılar üçün Gəncənin 50 il əvvəl necə göründüyü barədə oxumaq maraqlı olacaq, - deyə soydaşımız əlavə edib.

Azərbaycan icmalarının işində yaxından iştirak edirəm

40-dan artıq kitab müəllifi olan Q.Hüseynov hazırda yeni “Şərqdən külək” kitabını çap etməyə hazırlaşır. Kitabda keçən əsrin əvvəllərindən bu yana Ukraynada yaşayan Xivə xanlar sülaləsinin tarixi haqqında da məlumat verilir. 10-dan artıq kitabın müəllifi olduğunu vurğulayan Q.Hüseynov, həm də ictimai fəaliyyətlə məşğul olduğunu bildirib.

“Azərbaycan mənim ata Vətənimdir. Ukraynada Azərbaycan icmalarının işində, onların təşkilatlanmasında yaxından iştirak etməklə, Azərbaycanla bağlı tədbirlərə tez-tez qatılıram”, - deyə Q.Hüseynov əlavə edib. İkinci Dünya müharibəsi zamanı Ukraynanın alman faşistlərindən azad edilməsində azərbaycanlıların böyük xidmət göstərdiklərini deyən soydaşımız, onların bu qəhrəmanlığı haqqında kitab yazacağını da söyləyib.

Azərtac

Photogallery

15699348491140321021 1000x669

Hadisə