Çərşənbə axşamı 22 Oktyabr 2019

Cəmiyyət

Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara güzəştli kredit verilib

Gülnar Fazilqızı - 08/10/2019

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Okytabrın 8-də bu istiqamətdə növbəti tədbir – sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum Samux rayonunda keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 100-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində Sahibkarlığın İnkişafı Fondundan güzəştli kreditlərin verilməsi mexanizmi barədə treninq təşkil edilib, Samux rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan taxılçılıq, kartofçuluq, tərəvəzçilik, üzümçülük, intensiv bağçılıq, cins heyvandarlıq təsərrüfatlarının və süd emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkədə sahibkarlığın inkişafı və özəl bölmənin iqtisadiyyatda rolunun daha da artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində gördüyü işlər barədə danışan S.Məmmədov bu ilin ötən dövründə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 132,6 milyon manat güzəştli kredit verildiyini, bu investisiya layihələrinin reallaşdırılmasının 3800-dək iş yerinin yaradılmasına imkan yaratdığını bildirib. Bu müddətdə verilən güzəştli kreditlərin 65 faizi ölkə regionlarının, 35 faizi isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür. Bu kreditlərin 74,4 faizi aqrar sektorun, 25,6 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib.

İşgüzar forum çərçivəsində Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 33 sahibkarın heyvandarlıq, bağçılıq, çörək istehsalı və sair sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 538 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması nəticəsində 50-dək iş yerinin açılması imkanı yaranacaq.

Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7000-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 590 milyon manatdan çox güzəştli kredit verilib. Tədbir çərçivəsində Samuxda dövlətin güzəştli krediti ayrılan aqroparka baxış keçirilib.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, hazırda respublikanın 33 rayonu üzrə 262 min hektar ərazidə 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər davam etdirilir. Bu aqropark və iri fermer təsərrüfatlarından 27-nin yaradılmasına 192 milyon manat dövlətin güzəştli krediti verilib.

Hadisə