Çərşənbə günü 18 Sentyabr 2019

Təhsil

GDU-da yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə edilib

Gülnar Fazilqızı - 12/09/2019

Gəncə Dövlət Universitetində 2019 – 2020 – ci tədris ilinə hazırlığın vəziyyəti ilə əlaqədar iclas keçirilib. İclasda universitetin rektoru, professor Yusif Yusibov, prorektorlar, fakültə dekanları, kafedra və şöbə müdirləri iştirak ediblər.

Tədbiri açan rektor Yusif Yusibov əvvəlcə ötən tədris ilində qarşıya qoyulmuş vəzifələrin icra vəziyyəti və uğurlardan danışıb.

Bildirilib ki, 2018 – 2019 – cu tədris ili Gəncə Dövlət Universiteti üçün yüksək nailiyyətlərlə şərtlənib.  Universitet əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət təhsil siyasətinin müsbət nəticələrindən bəhrələnib. Belə ki, ötən tədris ilində ali təhsil müəssisəsinin infrastrukturu müasirləşdirilib, maddi-texniki bazası zənginləşdirilib. Gəncə Dövlət Universitetinin yerli və xarici elm-təhsil mərkəzləri ilə icra etdiyi  çoxtərəfli beynəlxalq proqramlar vasitəsilə universitetdə bir sıra mərkəzlər yaradılıb və onların fəaliyyəti təmin edilib. Beynəlxalq əlaqələr şöbəsinin vasitəsilə akademik və tələbə mübadilə proqramlarına cəlb edilən professor-müəllim heyətinin və tələbələrin sayı artıb.

Rektor ötən tədris ilinin müzakirəsində Gəncə Dövlət Universitetində elm və tədris sahəsindəki nailiyyətləri, həmçinin universitet gənclərinin ictimai – sosial, mədəni  fəaliyyəti və idman uğurlarını qeyd edib.

Sonra  universitetin 2019-2020-ci tədris ilinə hazırlıq vəziyyəti, ali təhsil müəssisəsinin qarşısında duran vəzifələr və onların həlli yolu təhlil və müzakirə olunub.

Bildirilib ki, bu il universitetdə keçiriləcək akkreditasiya ilə əlaqədar olaraq zəruri işlər icra olunub.  Bunun üçün universitetin strateji fəaliyyət proqramı hazırlanıb, akademik heyətin yeni qaydalarla yaxından tanış olması üçün təlimlər keçirilib.

Rektor Yusif Yusibov hazırda universitetin tələbə şəhərciyindəki tələbə yataqxanalarında aparılan əsaslı yenidənqurma, təmir və bərpa işləri haqqında kollektivə məlumat verib. Qeyd edilib ki, bu ilin sonunda istifadəyə verilməsi  nəzərdə tutulan tələbə şəhərciyində 3 ədəd beşmərtəbəli binada gənclərin sosial həyatının inkişafı və asudə vaxtlarının səmərəli təşkili üçün müasir şərait yaradılacaq.

Daha sonra universitetin tədris korpuslarının, auditoriya və laboratoriyalarının, kitabxana və oxu zallarının yeni tədris ilinin başlanmasınadək tam hazır vəziyyətə gətirilməsi, bir sıra yeniliklərin tətbiq edilməsi ilə bağlı tapşırıqlar verilib, akademik heyətin, xüsusən də bu il əmək fəaliyyətinə cəlb edilmiş gənc mütəxəssilərin daim öz üzərlərində çalışaraq, bilik və bacarıqlarını müasir dövrün tələbləri səviyyəsində inkişaf etdirilməsi tövsiyyə olunub.

Sonda təkliflər səsləndirilib, bir sıra məsələrin həlli ilə əlaqədar tapşırıqlar verilib.

Photogallery

DSC 4953 700x500 DSC 4955 700x500 DSC 4959 700x500 DSC 4960 700x500

Hadisə

Cəmiyyət